19 Şubat 2014 Çarşamba

"Dorian Qreyin portreti". Ruhunu şeytana satan obraz

Oskar Uayldın yeganə romanı 1891- ci ildə nəşr olunan “Dorian Qreyin portreti”dir. Bu  dünyaşöhrətli əsərin bir az keşməkeşli taleyi olub. Belə ki, tənqidçilər yazıçının əxlaqsızlığı ucaltdığı iddiasını irəli sürüblər. Hətta Dorianın özünü məhvə məhkum etməsi də bu “damğa”nı əsər üzərindən qaldıra bilmir. Uayld sənətin özünün də əxlaqdan kənarda qaldığını və Dorianın günahını hamının görəcəyini inadla israr edib vaxtilə bu “əxlaqsız” romanına qahmar çıxır, amma nəticəsiz qalır. Yalnız bir neçə il öncə işıq üzü görməsindən 120 il sonra bu əsər senzurasız nəşr olundu.
Yazıçının “Faust” dan təsirləndiyi açıq-aydın görünür. Faust sonsuz elm üçün ruhunu şeytana satmışdısa, Dorian Qrey gözəllik və əbədi gənclik uğrunda şeytanla razılığa gəlir, ruhunu kirlədir.

Romanda 3 əsas obraz var: rəssam Bezil Holluord, rəssamın fövqəladə gözəlliyinə, saflığına qibtəylə yanaşıb tablosunu yaratdığı Dorian Qrey və romanda bir növ şeytanı-Mefistofeli xatırladan Lord Henri. Rəssam Bezil Holluord Dorian Qreyin möhtəşəm rəsmini yaradır. Lord Henri ilə tanış olandan sonra saf, məsum Dorianın getdikcə fikirləri dəyişir, gözəlliyinin fərqinə varır və bu rəsmlə bir daha özünə vurulur. Amma Dorianda bir qısqanclıq yaranır: o, illər keçdikcə qocalacaq, rəsm isə olduğu kimi gözəl qalacaq. Ona görə bu gözəlliyi və gəncliyinin əbədi olmasını arzulayır. Möcüzəvi şəkildə onun arzusu yerinə yetir. Tablodakı getdikcə qocalmağa və Dorianın etdiyi günahlar nəticəsində eybəcərləşməyə başlayır. Gənc, gözəl Dorianın beynini lord Henri illərlə öz fikirləri ilə doldurmağa və bu illər də onun əvvəlki saflığını, məsumluğunu oğurlamağa başlayır. Dorian öz yaxın dostu rəssam Bezili öldürəcək qədər amansızlaşır.
Bəzi araşdırmaçılara görə, lord Henri Oskar Uayldın elə özüdür. Amma yazıçı bununla razılaşmır: “Bezil Holluord mənim düşüncələrimi, Henri Uotton isə dünyanın mənim haqqımdakı düşüncələrini əsk etdirir”. Yazıçı Piter Akroyd isə, “Dorian Qreyin portreti” haqqında məqaləsində rəssam Bezilin Oskar Uayldın Oksfordda tanış olduğu yaxın dostu rəssam Frank Miles, Lord Henrinin isə yazıçının homoseksual dostu Lord Ronal Gover olduğu fikrini irəli sürür. Roman nəşr olunduqdan sonra mətbuat əsərin baş qəhrəmanının şair Con Qreyə bənzədiyini deyir. Con Qrey də Dorian Qrey kimi 25 yaşında olsa da, 15 yaşındakı oğlana bənzəyirmiş. Onun Oskar Uayldla sevgi və dostluq münasibətləri də var imiş.
Bu əsərin ən maraqlı tərəfi onun qələmsiz oxunmamasıdır. İllər sonra təkrar-təkrar oxunacaq çıxarışlar bir xeylidir:

 Tale bizə müjdəçilər, ya da xəbərçilər göndərmir! Tale kifayət qədər müdrik və ya kifayət qədər amansızdır bu sarıdan!

Qocalığın faciəsi onda deyil ki, insan qocalır; faciə bundadır ki, o, qəlbən cavan qalır...
Axı insanın eybi öz möhürünü həmişə onun üzünə vurur. Onu gizlədə bilməzsən. Bizdə adətdir, “gizli eyiblər”dən danışarlar. Lakin gizli eyiblər olmur. Onlar insanın ağız büküşlərində, ağırlaşmış göz qapaqlarında, hətta əllərinin formasında peyda olur.
“Dünyada qadın yaddaşından betər şey yoxdur!”
Adətən, qadınların birinci ərləri murdar olanda onlar ikinci dəfə ərə gedirlər... Kişidə isə tamam başqa cürdür. Kişi ikinci dəfə ona görə evlənir ki, o, birinci arvadını çox sevirmiş. Qadınlar izdivacda xoşbəxtlik axtarırlar, kişilər isə öz səadətini riskə qoyurlar.
Kişi hər hansı bir qadınla xoşbəxt ola bilər. Bu xoşbəxtlik o vaxta kimi olur ki, kişi artıq onu sevməsin.
“Qəlbinizi duyğularla, duyğularınızı da qəlbiniz vasitəsilə müalicə edin”
«Xatirə dəhşətli bir xəstəlikdir, adamın qəlbini yeyib-dağıdır.”
Millət yalnız zirəkliyin və inadkarlığın qalıqlarıdır...
Qadınlar kişilərə nisbətən dərdi, ağrı-acını yüngül keçirirlər; onlar yaranışdan belədir! Qadınlar yalnız hisslərlə yaşayır, emosiyalara üstünlük verirlər! Qadınlar öz məşuqlarını da ona görə əldə saxlayırlar ki, öz emosiyalarını onların üstünə tökə bilsinlər.
Həyatda vicdan əzabına qarşı narkotiklər mövcuddur; bunlar əxlaqi dəyərləri, tərbiyəni bihuş edən vasitələrdir. Lakin burada, onun gözləri qarşısında açıq-aşkar görünən pozğunluq rəmzi durub – bu, günahın əyani nəticəsidir! Bu sübut-dəlil həmişə onun gözləri qarşısında olacaq və ona deyəcək ki, insan öz qəlbini məhv etməyə qadirdir.
Vicdan əzabında da bir təntənə var. Biz öz-özümüzü günahkar hesab edəndə düşünürük ki, özgə heç kimin bizi belə günahlandırmağa haqqı yoxdur. Bizim günahlarımızı, əslində, keşiş yox, etiraflarımız, tövbəmiz bağışlayır.

Qadın yalnız bir yolla kişini dəyişdirə bilər: onu elə zinhara gətirər ki, o, həyata qarşı bütün marağını itirər.

Xeyirxah niyyətlər təbii qanunlara qarşı atılan faydasız addımlardır. Onların kökündə xalis təkəbbür, özündən bədgümanlıq var. Onların nəticəsi sıfıra bərabərdir. Onlar bizə hərdən sevinc bəxş edir, lakin çox vaxt mənasız, boş duyğular verir və bu duyğular da yalnız zəif adamlar üçün təsəllidir. Bax belə. Xeyirxah niyyətlər bank çeklərinə bənzəyir – bu çekləri o adamlar yazıb verir ki, onların heç cari bank hesabları da yoxdur.

keçmişin bütün gözəlliyi ondadır ki, o, keçmişdir! Qadınlar isə heç vaxt görmürlər ki, pərdələr artıq endirilib. Onlar həmişə altıncı hissəni gözləyir, tamaşa qurtardıqdan sonra da onun davamını istəyirlər; hətta tamaşaya maraq öləndə belə qadınlara elə gəlir ki, ardı olacaq. Əgər onlara imkan versən, hər bir komediya faciə ilə bitər və əksinə, hər faciənin də axırı komik olar. Həyatda qadınlar gözəl aktrisadırlar, lakin onların heç bir artistlik duyumu yoxdur.

qadınlar kobudluğu, özü də açıq kobudluğu sevirlər. Qadınların heyrətamiz güclü ibtidai instinktləri olur. Biz onlara azadlıq vermişik, lakin buna baxmayaraq, onlar öz sahiblərini axtaran qul kimi qalıblar. Onlar itaət etməyi sevirlər...
Bizim zamanda adamlar olduqca çox oxuyurlar; bu da onlara müdrik olmaqda maneçilik törədir. Bizim zəmanədə adamlar həm də çox düşünürlər, bu da onların gözəlliyinə mane olur. Yəni gözəl olmaq üçün az düşünmək lazımdır.

Hadisələri reallaşdıran sözlərdir.

Keçmişi hər zaman peşmançılıq hissiylə, unutmaqla və ya inkar etməklə ütüləmək olar. Gələcək isə qaçılmazdır.

Məhəbbət insanı ucaldır, özündən də yüksəklərə qaldırır.
Deyirlər, kasıblıq sürünə-sürünə qapıdan içəri girəndə, məhəbbət uça-uça pəncərədən çıxır.

İnsan həmişə ən axmaq hərəkətlərini xeyirxah niyyətlə edir.
Evlənməyin başlıca zərəri budur ki, o, insanın eqoistliyini əlindən alır. Xudbin olmayan insanlar isə yekrəng olur, onlar öz fərdiliklərini itirirlər. Düzdür, elə adamlar var ki, evlilik onların həyatını daha mürəkkəb edir. Onlar eqoistliklərini saxlamaqla yanaşı, başqalarının da eqolarını bura əlavə edirlər. Bu adamlar məcbur olurlar ki, təkcə öz həyatlarını yox, başqalarının həyatını da yaşasınlar, onlar həyatda daha mütəşəkkil şəxsiyyətə çevrilir, bu da, məncə, bizim mövcud olmağımızın məqsədidir. Bundan başqa, hər hansı bir təcrübə qiymətlidir; evlilik əleyhinə kim nə deyir-desin, bu da bir təcrübədir, yeni yaşantıdır.

Bizim özgələr barədə yaxşı fikirləşməyimizin sadə bir səbəbi var: biz özümüzdən qorxuruq. Optimizmin mayasında xalis qorxaqlıq durur. Düşünürük ki, biz alicənabıq; çünki yaxınlarımıza yaxşılıq edirik və burada öz mənafeyimizi
də güdə bilərik. Bankiri tərifləyirik, çünki inanmaq istəyirik ki, o, öz bankından bizə daha çox kredit verəcək; biz hətta quldurun özündə də yaxşı bir cəhət axtarırıq; ümid edirik ki, o, bizim cibimizə girməyəcək.
 Həyatda bütün möcüzələr qəflətən baş verir.
Yaxşı adam olmaq – özünlə saziş bağlayaraq yaşamaq deməkdir, – lord Henri izah etdi. – Kim ki özgələrlə saziş bağlayıb onlarla birgə dinc yaşamağa məcbur edilir, həmin adam öz-özü ilə ixtilafdadır. Öz həyatın! Bax budur əsas vacib məsələ! Meşşan, yaxud puritan1 ola bilərsən, onlar öz əxlaq prinsiplərini digərlərinə yeridə bilərlər, lakin mənə görə öz yaxınlarımızın həyatına müdaxilə etmək bizim işimiz deyil. Çünki individualizmin, şübhəsiz, böyük məqsədləri var. Müasir əxlaq bizdən tələb edir ki, biz öz epoxamızın beynəlxalq aləmdə qəbul olunmuş ümumi anlayışlarını bölüşdürək. Mən isə düşünürəm ki, mədəni adam gərək öz zəmanəsinin meyarlarını kortəbii qəbul etməsin; bu, əxlaqsızlığın ən kobud formasıdır.

Qadınlar biz kişilərə… bəşəriyyət allahlara baxan kimi baxırlar; onlar bizə sitayiş, pərəstiş edirlər və daim bizdən nəsə tələb etməklə bizi zinhara gətirirlər.
– Məncə, onlar bizdən ilk dəfə bizə bəxş elədikləri şeyi tələb edirlər, – Dorian dalğın-dalğın yavaşdan pıçıldadı. – Onlar bizim içimizdə sevgini oyadır və bizdən də onu tələb etməkdə haqlıdırlar.

Həyatda əbədi həqiqət yoxdur, nisbi həqiqət var.

qadınlar bizi böyük işlər görməyə ruhlandırır, lakin onları həyata keçirməkdə daim bizə mane olurlar.

Əsl həqiqətdə isə iki cür insan var ki, onlar maraqlı adamlar hesab olunurlar: həyat haqqında hər şeyi bilənlər və həyat haqqında heç nə bilməyənlər....

hər görünən gözəllikdə hansısa faciə gizlənir! Ən gözəl gülü yetişdirmək üçün gərək əziyyət çəkəsən; çiçəklərin açılması doğuş ağrıları kimi bir şeydir, gərək onu da yaşayasan ki, doğula biləsən.

mən insanın dərdinə şərik ola bilmərəm. Bu, çox sarsaq işdir, eybəcərlik və rüsvayçılıqdır; adamı dəhşətə gətirir və istismar edir, əzir. Dərdə, kədərə ümumi baxışda hansısa bir qeyri-sağlam münasibət var. Gərək parlaq rənglərə, gözəlliyə şəfqət göstərəsən, həyatın sevinclərinə şərik olasan; insan gərək həyatın qaranlıq və dumanlı tərəflərindən mümkün qədər az danışsın.

Dəqiqlik vaxtın oğrusudur.

Gəncliyi qaytarmaq üçün onun şıltaqlıqlarını təkrar etmək kifayətdir.

Kişilər yorulduqları üçün evlənirlər; qadınlar isə hər şeylə maraqlandıqları üçün ərə gedirlər. Axırda izdivac hər ikisinə məyusluq gətirir.

Qadın dahi olmur. Qadınlar yalnız dekorativ cinsdirlər. Onların dünyaya deməyə sözləri yoxdur, amma deyirlər, özü də çox gözəl deyirlər. Qadın materiyanın ruh üzərində qalibiyyət mücəssəməsidir, kişi isə düşüncənin əxlaq üzərində təntənəsini təcəssüm etdirir.

Qadınlar, əsasən, iki kateqoriyaya bölünürlər: boyasız və boyalı qadınlar. Birincilər bizə sərf edir, onlar daha faydalıdır. Əgər nüfuzlu adam olmaq istəyirsənsə, hörmət qazanmaq istəyirsənsə, onları şam yeməyinə dəvət elə. İkinci kateqoriyadan olan qadınlar çox gözəl olurlar. Lakin onlar bir səhv buraxırlar: onlar cavan görünmək üçün boyalanır, üz-gözlərinə rəng sürtürlər. Bizim nənələrimiz rəng sürtürdülər ki, gözəl və hazırcavab müsahib kimi görünsünlər. O dövrdə “rouge”1 və “esprit”2in hər ikisindən birlikdə istifadə edirdilər. İndi isə belə deyil. Əgər qadın öz qızından on yaş cavan görünmək xətrinə dəridən-qabıqdan çıxıbsa, yaxud buna nail olubsa, deməli, o qadın bundan həzz alır. Onlardan ağıllı və zəkalı söhbətlər gözləməyin.

Hesab edirəm ki, dayaz adamlar məhz o adamlardır ki, bircə dəfə sevirlər həyatda. Onların, belə deyək də, sədaqəti, sabitliyi yalnız adətin
letargiyasıdır1, yaxud da təxəyyüldən məhrum olmaq əlamətidir. Sevgiyə sədaqət – fikrin, düşüncənin ardıcıllığı, sistemliliyi kimi, sadəcə, gücsüzlüyün sübutudur...

Bəzi adamlar özlərinə çox lazım olan şeyləri böyük həvəslə özgələrə verirlər. Bax mən bunu ifrat alicənablıq adlandırıram.

Böyük şair – həqiqi böyük şair – həmişə ən cansıxıcı, bayağı adam kimi olur. İkincidərəcəli şairlər isə cazibədar, heyranedici adamlar olurlar. Onların şeirləri nə qədər zəif və bayağıdırsa, xarici görkəmləri və maneraları da bir o qədər cazibəli və təsirli olur. Əgər bir adam zəif sonetlər toplusu buraxıbsa, qabaqcadan demək olar ki, silinməz təəssürat oyadan adamdır. O, öz həyatına şeirlərinə gətirə bilmədiyi poeziyanı gətirir. Lakin digər şairlər isə poeziyanı kağıza köçürürlər; onların poeziyanı həyata gətirmək üçün cəsarətləri çatmır.

Uşaq olanda biz valideynlərimizi sevirik. Böyüyəndə isə onları mühakimə edirik; biz onları nadir hallarda bağışlayırıq.

həyatın belə bir böyük sirrini bilmək lazımdır – öz qəlbinizə duyğularla şəfa verin, duyğularınız isə qoy qəlbiniz vasitəsilə şəfa tapsın

Lakin gözəllik, əsl gözəllik o yerdə bitir ki, orada düşüncə, idrak başlanır. Düşüncə, fikir öz-özlüyündə şişkinliyin bir növüdür və hər hansı bir sifətin harmoniyasını pozur... İnsan düşünməyə başlayanda istər-istəməz burnu uzanır, yaxud alnı tarım çəkilir, üzü eybəcər hala düşür. Sən bir fikir ver: hər hansı bir elm sahəsinin tanınmış xadiminə, gör onların sifəti necə eybəcərdir! Əlbəttə, istisnalar da var – bunları kilsə xadimləri haqqında demək olmaz! Axı onlar kilsədə sən deyən bir elə düşünmürlər; məsələn, səksənyaşlı yepiskop danışır ki, cavan vaxtı, on səkkiz yaşında ona necə təsir ediblər, dinə-imana gəlməyindən ağız dolusu danışır – belə olan halda, əlbəttə ki, onun üzü, sifəti nuraniliyini saxlayar.

Çox sevdiyim adamların adlarını gizli saxlayıram, heç kəsə demirəm... Bu, ona bənzəyir ki, sənə əziz olan adamın hansısa parçasını özgələrə verirsən.

Vicdan və qorxaqlıq ikisi də mahiyyətcə eyni şeydir. Vicdan- qorxaqlığın rəsmi adıdır.

Sən hamını sevirsən, hamını sevmək isə heç kəsi sevməmək deməkdir. Sənin üçün hamı eyni cürdür, hamıya qarşı səndə eyni cür etinasızlıq var.

Düşmənləri seçmək daha çox diqqət və ehtiyatlı olmağı tələb edir.

Qohumluq münasibətlərinə yaxşı baxmıram; bəlkə də, bu, ona görədir ki, nöqsanları eynilə bizdəki kimi olan adamları görməyə gözümüz yoxdur!

Nə qədər kədərli olsa da, şübhəsiz, Dahilik Gözəllikdən daha əbədidir. Buna görə də biz həddən artıq çalışırıq ki, ağlımızı, idrakımızı inkişaf etdirək. Yaşamaq uğrunda amansız mübarizədə biz istəyirik ki, heç olmasa, nəsə əbədi, möhkəm, davamlı bir şey saxlayaq; başımızı faktlarla və hər cür zirzibillə doldururuq; belə bir mənasız ümidlə ki, həyatda yerimizi tutub saxlayaq. Yüksək təhsil görmüş məlumatlı insan – bax budur müasir ideal! O, antikvar dükanına bənzəyir; burada hər cür zirzibil və toz basmış antik əşyalar var ki, əsl dəyərlərindən qat-qat artığına satılır.

Müsbət təsir, ümumiyyətlə, yoxdur, mister Qrey! Bütün təsirlər öz-özlüyündə qeyri-əxlaqidir – yəni elmi nöqteyi-nəzərdən onları ədəbsiz saymaq olar.
– Nəyə görə?
– Ona görə ki, başqasına təsir etmək o deməkdir ki, sən qəlbini ona verirsən. O da öz ağlı ilə düşünmür, öz ehtirasları ilə yaşamır. Onun yaxşı cəhətləri də özününkü olmur, günahları da – əgər dünyada günah deyilən bir şey mövcuddursa – özgədən gələn günahlardır. Bir növ, o, özgə bir musiqinin əks-sədası olur; sanki, onun üçün yazılmayan bir rolu oynayan aktyor olur. İnsan həyatının məqsədi özünü ifadə etməkdir. Biz ondan ötrü yaşayırıq və burada mövcuduq ki, özümüzü göstərək, özümüzü ifadə edək. Amma bizim zəmanədə insanlar özləri özlərindən qorxmağa başlayıblar. Onlar unutmuşlar ki, insanın ən ali vəzifəsi onun öz qarşısındakı vəzifəsidir. İnsan gərək öz vəzifəsini anlaya. Əlbəttə, onlar iltifat və xeyirxahlıq göstərirlər: acları yedizdirir, lütləri geyindirirlər. Lakin əslində, onların öz qəlbləri ac-yalavac və çılpaqdır. Biz cəsurluq deyilən bir dəyəri itirmişik. Ola bilsin ki, bu keyfiyyət heç əzəldən bizlərdə olmayıb. İctimai fikirdən qorxmaq – bu, əxlaqın əsasıdır – Allahdan qorxmaq deməkdir və din də bu qorxu üstündə bərqərar olub; bax bu iki seydir bizi idarə edən, bizə hakimlik edən.

Nəfsdən azad olmağın yeganə yolu – ona meydan verməkdir. Əgər onunla mübarizə aparmaq ağlına gəlsə, qəlbin hər zaman qadağan olunmuş şeylərin üstündə qalacaq və sənə istək və arzuların əzab verəcək; çünki o istək və arzuları qadağan
edən dəhşətli qanunları sən yaratmısan və o qanunlar həmin istək və arzuları günah və cinayət kimi sayır. Kimsə deyib ki, dünyada ən böyük hadisələr insanın beynində baş verir. Mən də deyirəm ki, dünyanın ən böyük günahları beyində, yalnız insan beynində doğulur.


Hiç yorum yok:

Yorum Gönder