22 Şubat 2014 Cumartesi

Floberin başıbəlalı Madam Bovarisi

Bu kitab insan beynini ən çox inkişaf etdirən, oxunması vacib, XIX əsrin mühüm romanları kimi müxtəlif siyahılara yol tapa bilib. Qərb ədəbiyyatının klassikası olan bu kitabı Flober “iynə ilə quyu qazmaq” məsəli kimi 5 ilə (1851- 56) ərsəyə gətirib. Amma əsər nəşr olunduqdan sonra ona “mənəviyyata zidd” damğası vurulur, yazıçı isə  əxlaqsızlığa təşviq, fransız qadınlarını təhqir etməsinə görə məhkəməlik olur. Flober şah əsərinə yaxşı bəraət qazandırır:  “O sağdır. Madam Bovari mənəm. Əgər o xanım fiziki cəhətdən təhqir olunubsa, mən bir yazıçı kimi təhqir olunmuşam”.
V.Naboov yazırdı: “ Flober olmadan Fransada Prust, İrlandiyada C.Coys, Rusiyada isə Çexov olmazdı”.Bu üç dahinin, ən azı, Çexovun qüdrətinə bələd olan oxucu Nabokovun nə dediyini yaxşı anlayar. Flober indiyədək oxuduqlarım içində öz qəhrəmanlarını ən çox lağa qoyan, onlara istehza edən zalım yazıçıdır J

Əsərin baş qəhrəmanları Şarl və Emma Bovarilərdir. Anasının həddindən artıq düşkün, atasının isə laqeyd olduğu Şarl ortabab bir ailənin yeganə övladı olur. Anasının istəyilə həkim olub dul bir qadınla evlənir. Müəyyən müddət sonra bu deyingən qadın ölür və Şarl Emma ilə tanış olur. Gözəl, təhsilli Emma ilə Şarl tanışlıqdan qısa zaman sonra evlənirlər. Amma zaman keçdikcə Şarlın onu hədsiz sevməsi, pərəstiş etməsinə, normal bir ailəsi olmasına rəğmən, Emma qane olmur. Oxuduğu romanlar onun xəyalpərəstliyini birə-beş artırır. Emma artıq romanlardakı kimi düşünür, aristokrat, varlı həyat, sevib- sevilmək, səyahətlər arzulayır. Şarlı özündən həmişə çox-çox aşağıda görən Emma səadətini başqa kişilərin qollarında axtarmağa başlayır və bunlar da klassik xəyanətlərlə nəticələnir. Emma xəyallar arxasınca qaçarkən kişilər ondan istifadə etməyə başlayır. Madam Bovarinin maddi və mənəvi böhranları onun siçan zəhəri içib  intihar etməsi, bu intihar isə Şarlın məhvi və yeganə övladlarının yetim qalması ilə nəticələnir.
Kitabı oxuyanların bir qismi Emmaya hədsiz əsəbiləşib bəlkə də bu əsəbdən kitabı yarımçıq da saxlaya bilər, bir qismi isə Emmaya haqq qazandırıb bu güclü qadına pərəstiş də edə bilər. Mənsə Emmaya əsəbiləşə bilmədim, onu anladım. Bəlkə içimdə bir Emma yatıb deyə özümdən şübhələndim də. Amma sonda “mən bu qədər cəsarətli ola bilmərəm” deyib fikrimdən daşındım. Emma sadəcə nə istədiyini bilməyən, xəyalpərəst bir qadın idi. O, arzuladığı həyatı da yaşasaydı, yenə boşluqlar tapıb bu həyatdan bezər və yeni macəralar arxasınca sürüklənərdi. Nə istədiyini bilməyən bir insanın xəmiri bu cür yoğrulub, onu günahlandırmaq əbəsdir. Şarl nə qədər xoşniyyətli, onu hər kəsdən çox sevən olsa da, Emmanın həyatındakı vacib işi yerinə yetirə bilmirdi- onun həyatını rəngləndirmirdi. Yaşadığı monoton həyat bu rəngli qadını dar paltar kimi sıxır və ondan tez bir zamanda qurtulmağa çalışırdı. Şarl Emmanın oxuduğu romanlardakı kimi savadlı, dünyagörüşlü, güclü deyildi. Bir sözlə, Emma evləndikdən sonra anlayır ki, o, arzuladığı adamdan tamam uzaqdır. Şarla gəlincə isə, o arvadını hər cəhətdən qane etdiyini, onun xoşbəxt olduğuna inanırdı. Demək, qadını hədsiz sevmək, ona pərəstiş etmək, hətta onun ölümünə öz ölümü ilə cavab vermək də yetmirmiş . Ən azı, Emmaya yetmədi, Emmanı heç cür qane edə bilmədi yazıq Şarl. Flober Madam Bovarinin xəyalpərəstliyi, romantikliyinə istehza edərək həyatın romanlardakı kimi maraqlı və rəngarəng olmadığını sübut edir. Emmanın ehtiraslı arzularından geriyə qalan xarabalıq olur.


Hiç yorum yok:

Yorum Gönder