2012- ci
ildə Əsgər Fərhadinin “Ayrılıq” filmi “Ən yaxşı xarici film” nominasiyasında
Oskara layiq görüləndən sonra İran filmlərinə diqqət daha da artdı. Dünya siyasətin
toz-dumanına bürünən düşmən hədəfə diqqətlə baxmağa başladı. Bu dəfə sənətə, mədəniyyətə
yönəldi baxışlar. Düzdür, inqilabdan sonra İran kinosu özünə müəyyən axar tapıb
irəliləyirdi, amma xüsusilə, 90-cı illərdə öz yüksəlişini qeyd etdi. 1997- ci
ildə Abbas Kiyarüstəminin “Taste of cherry” (“Gilasın dadı”) filminin “Qızıl palma”ya layiq görülməsi İran kinosunun dönüş nöqtəsi kimi dəyərləndirilir.
Kiyarüstəmi ilə yanaşı, Mohsen Maxmalbaf, Bəhman Qobadi, Əsgər Fərhadi, Cəfər Pənahi,
Məcid Məcidi və s.kimi rejissorlarla İran kinosu özünə sağlam vəsiqə qazanmış
oldu.
İran
kinosunda streotiplərin arxasında həyat dayanır, olduğu kimi, çılpaq. Film çəkilmir,
sanki sən pəncərədən və ya kənarda dayanaraq başqalarının həyatını izləyirsən.
Yox, onlar aktyorluq edib roldan-rola girmirlər, onlar elə özlərini oynayırlar.
İran kinosu səmimidir, hələ uşaqların filmlərin mərkəzinə oturdulması bu səmimiliyin
ölçüsünü daha çox artırır. Bir sözlə, bu rejissorların qarşısında baş əymək
lazımdır. Dünya hələ yetəri qədər dəyərləndirmir, bəlkə də siyasət sənətdən bir
addım öndədir. Amma İran kinosunu tam kəşf edən tamaşaçı üçün xəzinə olduğu
şübhəsizdir.
İzlənməsi
vacib bir neçə İran filmi:
Uşaq
dünyasının böyüklərin dünyasından daha təmiz olduğunu vurğulayan Məcid Məcidinin
əsas qəhrəmanları uşaqlardır. Rejissor yaddaşına hopan uşaqlıq xatirələrinə
filmlərində yenidən həyat verir.
"Bacheha-Ye Aseman" ("Children of Heaven";1997) – İki balaca bacı-qardaşın köhnə ayaqqabılarından yola çıxaraq kasıblığı, saflığı ən “gözəl” ağrı ilə tədqim edən film. Bu film “Separation”dan əvvəl Oskar macərası yaşayıb, amma onu ala bilməsə də, Məcidinin tanınmasında kifayət qədər mühüm rol oynayıb. Rejissorun ən sevilən filmlərindən biridir.
"The willow tree"- ("Söyüd ağacı")- İnsanın gözü açılanda nankorluğu da baş
qaldırarmı, görəsən? Bəs bədən, yoxsa qəlb sevilir?8 yaşından kor olmuş 46
yaşlı ədəbiyyat professorunun əməliyyatla dünya işığına həsrətinə son qoyulur.
Amma Yusif gözlərinə qovuşmaqla nankor olur, illərlə onu sevən, ona qulluq edən
həyat yoldaşına, anasına, övladına, yaxınlarına nankorluq edir. Böyüklərin bir
məsəli var, Allah bilir, kimə dil, qulaq, göz verir. Bu fikri xatırladır film.
Məcidinin
yenə də əsas qəhrəmanlarının uşaq və yeniyetmələr olduğu film- “Baran”, yəni “Yağış”. Taliban rejimindən
qaçıb İrana sığınan əfqan qaçqınlarının acınacaqlı həyatı əsas plandadır.
Tikintidə işləyən azəri Lətif atasının yerinə işləyən azyaşlı uşağın, əslində
oğlan paltarında özünü gizlədən qız olduğundan duyuq düşür.Onun ilk məhəbbəti də
beləcə başlayır.Sevgi Lətifə yaşından böyük fədakarlıqlar etdirir.
“Pedar” ( "Father";1996) filmində isə atalığını heç cür qəbul etməyən
Mehrulla ən çətin vəziyyətdə onun köməyinə çatır.
“The
color of paradise”- Film görmə qüsurlu Məhəmmədin Allahı axtarmasını
anladır. Məhəmməd barmaqları ilə görməyə çalışır, ürəyi barmaqlarında döyünür.
Müəlliminin “Allahı barmağının ucundan istifadə edərək görə bilərsən”
deməsindən sonra uşaq hər toxunuşunda Allahı hiss etməyə çalışır: “Allahı
tapanadək əllərimlə hər yerə toxunacağam və tapdığımda qəlbimin bütün sirləri
daxil hər şeyi ona danışacağam”..
Məcidinin daha bir filmi- “Avaze Gonjeshk-ha” (Sərçələrin nəğməsi)
2008- ci ildə Berlin film festifalında “ən yaxşı kişi aktyor” nominasiyasında
Gümüş Ayı mükafatına layiq görülüb. Yenə də sadə bir ssenari, amma diqqətə
çatdırılan önəmli mövzular, ən asası da, yavaş-yavaş unudulan, dəyərsizləşən
dəyərlərin ön plana çıxarılması, xatırlanması. Məsələn, evdə bişirilən dəvəquşu
yumurtasından qonşulara pay verilməsi kimi.. Dəvəquşu fermasında işləyən Kərin
bir dəvəquşunun fermadan yoxa çıxması ilə işindən olur. O, qızının qulaq
aparatını təmir etmək üçün Tehrana gedir. Ata, ailə başçısı olmağın böyük
məsuliyyəti, əsasən, ilahi ədalət mövzusu qabardılır filmdə.
“A Separation” dan öncə çəkilən və Əsgər Fərhadiyə "Ən yaxşı rejissor"
nominasiyasında Gümüş Ayı
qazandıran “About Elly” (Darbareye Elly)
filmi. “Yalançının evi yandı, heç kəs inanmadı” məsəli filmin müxtəlif
yerlərində xəyali titr kimi gözümüzün önünə gəlir. 3 yaxın ailə dincəlmək üçün
dənizkənarı evlərdən birini kiraləyir. Ailə fərdlərindən biri Sepideh yaxın
dostu, Almaniyadan yenicə gələn dul Əhmədlə qızının müəlliməsi kimi tədqim
etdiyi Ellyni tanış etmək istəyir.Amma bir neçə gündən sonra Elly müəmmalı
şəkildə ortadan qeyb olur, onun dənizdə boğulduğu, yoxsa qaçdığı məlum
deyil.Axtarışlar nəticəsiz qalır. Məlum olur ki, Elly nişanlıdır və nişanlısı
hadisə yerinə gəlir. Bundan sonra hamı bir-birini, əsasən də, Sepidehi
günahlandırmağa başlayır. Müəmmalar o qədər dönür ki, film bitəndən sonra da
suallara cavab axtara-axtara qalırsan.Fərhadi tamaşaçını müəmmada saxlamaqdan ötrü əldən gedir, hey onun ağlını qurcalayır öz surprizləri, tələləri ilə.
Rejissorun daha bir filmi isə, 2013- cü ildə haqqında çox danışılan “Le Passe” (Keçmiş) filmidir. Zaman öz atını nə qədər irəli çapsa da, keçmiş həmişə adamı qarabaqara izləməkdə və onunla üzləşmənizi istəməkdədir. Tehranlı Əhməd keçmiş həyat yoldaşı Mari ilə aralarında çoxdan nöqtələnən evliliyi kağız üstündə də sonlandırmaq üçün son dəfə Parisdə görüşür. Mari ondan əvvəlki həyat yoldaşından olan ipə-sapa yatmayan qızını yumşaltmasını xahiş edir. Ailədaxili məsələlərdə hekayə içindən hekayə çıxaran Fərhadi mükəmməl bir film ortaya qoyub. Keçmiş filmdəki rəngli qapı kimi bulaşır insanın üst-başına, bu gününə..
İran
filmlərinə bələd olanlar onların, əsasən, dram janrında olduğunu yaxşı bilirlər.
“Marmoulak” (The lizard) komediya
filmi ilə Kamal Təbrizi öz istedadını
tamaşaçılara təqdim edir. Biz ən yaxşısı, buna komediya yox, güldürərək
düşündürmək deyib rejissorun istedadını daha aydın çatdıraq. İranda məhbus,
cinayətkar olmaq necədir? Kərtənkələ ləqəbli indiyədək çoxsaylı cinayətlər törədən
Rza bir dəfə işləmədiyi cinayətdən həbsxanaya düşür. Həbsxanadan qaçan kərtənkələ
molla qiyafəti ilə bir kəndə gəlir. Gülməli olanlar da bundan sonra başlayır:
cinayətkar, indiyədək dindən heç bir anlayışı olmayan bir adam birdən-birə hörmətli
molla olur.Onun dini suallara özünəməxsus cavabı gülüş doğurur.
Filmin sonunda yanğıyla oxunan “Küçələrə su səpmişəm” mahnısını dinləməyin, İran filmində bunu eşitməyin xüsusi ləzzəti var.
Filmin sonunda yanğıyla oxunan “Küçələrə su səpmişəm” mahnısını dinləməyin, İran filmində bunu eşitməyin xüsusi ləzzəti var.
İran
rejissorları içində ən önəmli simalardan biri Abbas Kiyarüstəminin “Where Is The Friend's Home “(Khane-ye
Doust Kodjast) filmi.
Balaca Əhməd parta yoldaşının özününkü ilə eyni olan
dəftərini səhvən evinə gətirir. Yoldaşı səhəri də dəftərsiz məktəbə getsə, bu
onun üçün əsl problem olacaq. Əhməd isə yoldaşının evini heç tanımır, üstəlik
adını təxminən bildiyi məhəllə evlərindən çox uzaqdır. Balaca oğlan qarış-
qarış gəzir məhəllələri, axır ki dəftəri dostuna çatdırır. Sadə bir ssenaridir,
amma balaca bir uşağın cəsarəti, məhəllələri
qarış-qarış, ev-ev dolaşacaq qədər səbri, dostunu darda qoymaması ibrətamizdir.![]() |
Filmdən: Məşhur rejissor Mohsen Maxmalbaf və özünü ona oxşadan Hüseyn Səbziyan |
Close-up- Yaxın plan- Baxdığım ən səmimi, təbii filmlərdən biri. Kiyarüstəminin
“göz bəbəyim” adlandırdığı ən məşhur yarısənədli filmi.Filmdəki hadisələr gerçək
əhvalatlara söykənir, qəhrəmanlar isə özlərini canlandırır. Hüseyn Səbziyan
adlı iş axtaran, kasıb bir adam bir gün avtobusda təsadüfən tanış olduğu qadına
özünü məşhur İran rejissoru Mohsen Maxmalbaf kimi təqdim edir. Məşhur
rejissorla xarici görünüşcə bənzərliyi olan Hüseyn beləcə qadının evinə gəlir və
onları aldadır. Sonradan ailə duyuq düşüb Hüseyni həbs etdirir.Kiyarüstəmi bu xəbəri
qəzetdə oxuyur, əhvalatla maraqlanır, Hüseynlə yaxından tanış olur. Və beləcə,
o, məhkəmə prosesini filmə çəkir.
Abbas Kiyarüstəminin
“Taste of cherry” filmi.İntihar etmək
istəyən adamın əhvalatı. Gilasın dadı belə yaşamaq üçün yetərlidir..Həyatın mənası
heç də böyük nəsnələrdə gizlənməyib.Heç fərqinə varmadığımız kiçik şeylərdə də
gizlənib..Həyat asanlıqla imtina olunmayacaq qədər dəyərlidir.. Gilasın dadında
gizli olsa belə..
Bəhman Qobadinin “Sərxoş atlar zamanı” və “Tısbağalar da uça bilir” filmləri
mövzularına görə bir-birinə çox yaxındır. Eyni ağrı, eyni təbiilik, oxşar
reallıqlar.Hər iki filmin qəhrəmanları, əsasən, kiçik yaşlı uşaqlardır. Hər iki
filmdə uşaqlar öz həyatlarını oynayıb. Yəni, film bitib, tamaşaçıya təqdim
olunub, onlar isə öz məşəqqətli həyatlarına geri dönüblər.
Rejissorun “diktator
və faşistlərin siyasətlərinə qurban gedəndünyanın bütün məsum uşaqlarına” ithaf
etdiyi “Tısbağalar da uçar” filmi Səddam Hüseyn dönəmindən sonra İraq- Türkiyə
sərhəddindəki kiçik bir kənddə cərəyan edir. Ata-anasını,əlini, ayağını, gözlərini
itirən azyaşlı uşaqlar minalı əraziləri təmizləyib ağır yük daşıyaraq birtəhər
dolanırlar. Ağrıları daşıdıqları yükdən daha ağırdı bu uşaqların.İynə boyda
ümidləri isə ABŞ-İraq müharibəsinin bitməsidir. Qobadinin ilk uzunmetrajlı
filmi “Sərxoş atları zamanı” İran-İraq sərhəddindəki kənddə ata-anasını itirən
4 uşağın başına gələnləri anladır. Bir tərəfdən şikəst qardaşları,onun müalicəsi
üçün lazım olan pulu qazanmaq üçün digər qardaşın işləməyə başlaması, məcburiyyət
qarşısında ərə getməyə razı salınan azyaşlı bacı,sərhəddi keçmək istəyən uşaq
qanunsuzluğu və s.
“Safar e Ghandehar” (The Sun Behind the Moon";
"Ayın arxasındakı günəş və ya Qəndəhara səfər")- İranın ən önəmli simalarından biri Mohsen
Maxmalbafın rejissoru olduğu real əhvalata söykənən filmi. Əfqanıstandan
Kanadaya mühacirət etmiş journalist qadın Əfqanıstanda qoyub gəldiyi bacısından
məktub alır. O, günəş tutulmasından sonra intihar edəcək bacısını
qurtarmalıdır. Ümidsizlik, minaya düşüb əl-ayağını itirən saysız insanlar, məktəb
arzusunda olub gedə bilməyən uşaqlar,yoxsulluq, aclıq,çarəsizlik.. və daha
artığını bu film sizə göstərəcək. Həm də təbiiliyi, səmimiliyi ilə... Film bir çox mükafatlara layiq görülüb: ”Times”
jurnalı tərəfindən bütün dövrlərin 100 ən yaxşı filmi sayılıb, 2001- ci ildə
Mahmalbaf UNİSEF-in Fellini mükafatını qazanıb, 2002- ci ildə “ən yaxşı xarici
film”nominasiyasında Oskara namizəd olub və sairə.
Hiç yorum yok:
Yorum Gönder