15 Şubat 2013 Cuma

"Sərçəciyin hekayəsi"


 "Sərçəciyin hekayəsi"

Edit Piaf haqqında yazmaq lazım idi...Həm özüm üçün nəsə cızma-qara kimi saxlamaq,həm onun mahnılarına və fransız musiqisinə sonsuz sevgimdən dolayı..Bir də filmin isti-isti təəssüratlarını aradan uzun müddət keçəndən sonra oxumaq maraqlı olur..
  Edit Piaf haqqında heç bir məlumatım olmayanda təsadüfən fransız musiqilərinə sevgimə görə axtarışlarım məni ona “çatdırmışdı”.Dinlədim,çox sevdim..Amma ağlıma gəlməmişdi ki,onun haqqında da maraqlanım.Yenə də təsadüfən onun bioqrafiyasını oxudum və bundan sonra onu daha diqqətlə dinləməyə başladım.Ağrılı həyat yolu var idi Editin.Və nəhayət, bu günlərdə “La vie en rose” (Жизнь в розовом цвете) – “Çəhrayı həyat” avtobioqrafik filminə baxdım və deyə bilərəm ki, Edit Piafın yeri  artıq bir başqadı qəlbimdə..

 Fransada “La Mome” , yəni “Balaca quşcuğaz” adı ilə satışa çıxarılmış film 2007- ci ildə Fransa,İngiltərə və Çexiyanın birgə istehsalıdır.İlk dəfə Berlin film festifalında tamaşaçılarla görüşüb.
Baş rolu Marion Kotillard canladırıb.Aktrisanı bir çox filmlərdən tanıyır tamaşaçı: “A Very Long Engagement”,” Love Me If You Dare “,Midnight in Paris”, “Public Enemies”(Jonny Deeplə) və sairə.
Film “Ən Yaxşı Aktrisa” nominasiyası da daxil olmaqla, 5 nominasiyada Sezar mükafatı qazanıb. Eyni zamanda, Kotillard ilk fransız aktrisası olub ki, xarici dildə komediya və ya müzikl kateqoriyasında Qızıl Qlobus mükafatı əldə edib.Yeri gəlmişkən,qeyd edim ki, “Çəhrayı həyat” birdən çox Oskarı qazanan ilk fransız filmi olub.
Filmə baxanlar yəqin ki, təsdiqləyər,  aktris filmin, necə deyərlər, haqqını verib. Edit Piafı gəncliyindən 47 yaşınadək canlandırıb. Çox gözəl, çox təbii... Gəncliyini bir başqa  gözəl, qocalığını özünəməxsus...Filmi izləyəndə sanki Edit Piafı görürsən və onu deyim ki, Edit Piafın öz obrazı yox, məhz aktrisanın obrazını, simasını bundan sonra xatırlayacam. Filmin bu qədər gözəl, təbii alınmasında Olive Dahanı - filmin rejissorunu da unutmaq olmaz təbii..   


-  Əgər bir daha mahnı oxumasaydız, neyləyərdiz?
- Ahh, yaşaya bilməzdim..
- Ölümdən qorxursunuzmu?
- Tənhalıq qədər yox..
- Dua edirsinizmi?
- Əlbəttə, çünki sevgiyə inanıram.
- Məsləyinizdə ən gözəl xatirəniz?
- Pərdənin hər açılışı..
- Qadın olaraq ən gözəl xatirəniz?
- İlk öpüş.
- Bir qadına öyüd versəydiniz, bu nə olardı?
- Sev!
- Bir gənc qıza?
- Sev!
- Bəs bir uşağa?
- Sev...
  Edit Piaf haqqında danışmağa hardan başlayacağımı bilmədim. Filmdə jurnalistin ona ünvanladığın bir neçə sualdan bəzilərini yazdım. Bəlkə “Parisin ruhunun səsi”-Sərçəcik haqqında ilk təəssürat formalaşdıra bilər..
Əsl adı Edit Giovanna Qassion olan Edit Piaf 1945- ci ilin 19 dekabrında dünyaya gəlir. Müharibə vaxtında.. Anası onu küçələrə atmışdı, özü isə küçələrdə mahnı oxuyaraq fahişəlik edirdi. Atasına məktub yazır ki, uşağı saxlaya bilmir.Atası cəbhədən gəlib onu öz anasının - qızcığazın nənəsinin yanına aparır. Nənəsi fahişəxana işlədirdi. Burda qalır bir müddət Edit. Gözləri iltihab olub kor olanda ona fahişələr qulluq edir və balaca qızcığac gözlərinin açılması üçün Müqəddəs Terezadan kömək istəyir. Xoşbəxtlikdən, kor olma təhlükəsindən azad da olur...Maraqlıdı,ondan sonra hər çətinliyində Edit Müqəddəs Terezanı köməyə çağırır..Filmdə çox maraqlı səhnələrdən biri də fahişəxanadakı bir fahişənin həddindən artıq uşağa bağlılığı, ondan ayrılıb gecələr müştərilərin yanına getmək istəməməsi, ağlayıb-sızlaması və atası qızcığazı ondan həmişəlik qoparanda o qadının fəryadı..Heç doğma anası qızı üçün bu qədərini edə bilməmişdi..


Atası akrobatlıq edir və “rezin adam” komandadan ayrılandan sonra tək işləməyə başlayır. Amma küçə akrobatına insanlar o qədər də fikir vermirlər. Bir gün tamaşaçılar “bəs qızın nə edə bilir?”deyəndə atası məcbur edir ki, o da nəsə bir şey etsin.Və onda sərçənin ilk səsi eşidilir.. Balaca qızı küçə tamaşaçıları alqışlara qərq edirlər...
Səsi sayəsində bir qarın çörək qazanması bundan sonra başlayır və beləcə, çörək üçün ayaqlarını açmağa məhkum olmur..
Küçələrdə oxuyurdu Edit, bir gün bir kabarenin sahibi Lui Leplenin (Jerar Depardye) diqqətini cəlb edir. Ona vizit kartını verir və deyir: “belə oxumaqla səsini korlayacaqsan,yanıma gəlməlisən.” Edit onun yanında işləməyə başlayır və ilk çoxsaylı sevənlərini də bu vaxt qazanır.Amma Lui Leple qəfildən öldürülür, Edit bəlkə də növbəti dəyərli insanını itirir.. Bütün qəzetlər şübhəli kimi ondan yazır, amma adının qəzetlərdə hallanması həm də ona bir az da məşhurluq gətirir.Leple Fransaya Piaf, yəni Sərçəni bəxş edir...
Bu itkidən sonra o, ABŞ-a gəlir, burda da məşhurlaşır,sevilir. Amma keçirdiyi qəzaya görə bir müddət səhnədən uzaq qalır...
-         Siz çox böyük sənətkarsız.
-         Niyə? Hündürdaban geydiyimə görəmi?

Edit küçədən gəlmişdi səhnəyə,ürəyindən keçdiyi, içindən gəldiyi kimi oxuyurdu, yonulmamış almazı xatırladırdı..Amma ABŞ-da tanış olduğu peşəkar musiqiçi Raymond Asso adlı biri ona qüsursuz nitqi, oxumağı, düzgün jestlərdən istifadə etməyi və geyinməyi təlqin edir. Bu da çirkin ördək yavrusunun qu quşuna çevrilməsi kimi idi..
 Edit milyonların sevgisini qazanır, ayaqda alqışlanırdı, amma ən çox təsəllini içkidə tapırdı. Bəlkə də ağrılarını bu yolla keyləşdirirdi. Konsert öncələri həmişə sərxoş olur, qusur, ayaqda güclə dururdu. Amma bunlara rəğmən səsi ovsunlayırdı dinləyiciləri..

-         Bu konserti təxirə salmalıyıq, xanım Piaf. Həyatınızla oynayırsız.
-         Nə olub ki, bir şeylə oynamaq lazımdı, ya yox?
 Editin özünü qadın kimi hiss etməsinin səbəbkarı dəli kimi aşiq olduğu boksçu Marsel Serda olur.Onun qəlbini, qadınlığını ram edir Marsel. Bundan sonra onun üçün sevən qadın kimi mahnıları oxumaq, duymaq çətin olmur..Bu münasibətləri uzun müddət davam etməsinə rəğmən Marselin evli olmasına görə rəsmiləşmir... Amma Editin bir bədbəxtliyi də çox sevdiklərini bircə-bircə itirməsi olur...Marsel qəzada dünyasını dəyişəndə bütün varlığı şikəst qalır. O, sonradan yunan Teoyla evlənsə də Marseli heç vaxt unutmur. Onun ölümündən sonra ağrılarını keyləşdirmək xəstəxanada ona morfi vurulur və yavaş-yavaş Editin asılılığı yaranır. Amma o öz gücünə güvənirdi və nə olursa-olsun, sağalmağa qərar verir. Aylarla xəstəxanada yatır, səhnədən uzaq qalır və sağalır...Sağalır, amma yaşadıqları, itkilər,içki, morfi asılılığı və sairə onun sağlığında çapıq saxlamış olur. Ömrünün 47-ci payızında Fransa Sərçəciyinə əlvida deyir...
 Filmə baxmaq istəyində olanlar üçün deyim ki ,əvvəl Edit Piaf haqqında bir az maraqlanıb sonra filmi izləsinlər. Bəlkə mən onun musiqilərinin də təsirinə düşmüşdüm. Ona görə əgər onun həyatından bixəbər olsaydım, filmdəki ardıcıllıq mənə bir az qaranlıq qalardı. Məsələn,onun Marsel adlı övladının da olduğu və meningitdən 2 yaşındaca öldüyü faktdı. Filmdə də yer alıb, amma bəlkə də kimsə  filmə 2-ci dəfə baxanda bunu anlaya bilər.




 Baxmayaraq ki,Paris Katolik Kiləsəsinin keşişi həyat tərzinə görə onun dəfn mərasimi keçirtməyi rədd edir, amma  tabutu 100.000-dən çox fanatının əllərində Pere-Laşayse qəbirsanlığına aparılır.Ölümdən çox tənhalıqdan qorxan Sərçəciyi son mənzilə yola salanda da tək qoymamışdı sevənləri...”İkinci dünya müharibəsindən bu yana bu qədər adamın bir yerə toplandığını görməmişdim”-demişdi Fransız müğənnisi Şarl Aznaur..
 Edit Piaf haqqında filmə mütləq deyil baxasız, amma milyonların sevgisini qazanan bu müğənninin ömründə heç olmasa bircə mahnısını dinləmək lazımdı...Bu ağrılı, dinləyəndə sanki insanın için qırıb-tökən, amma həm də xəstə yatarkən belə səni o yataqdan qaldıra biləcək səsi ölmədən öncə dinləməlisiz. Mütləq!
Bir də istedada, dahiyə heykəl qoymaq, onun istedadını, dahiliyini daş çərçivədə göstərmək, ”oxşamaq”ən axmaq bir şeydi. Ən yaxşı yazıçıya, şairə, müğənniyə, rəssama...dəyər vermək, onu yaşatmaq üçün ən yaxşısı onun haqqında ya çox təsirli bir kitab yazmaq, ya da film çəkməkdi. Mən bunu Modilyani,Frida Kalo və başqaları haqqında çəkilən filmlərə əsasən deyirəm. Növbəti də Edit Piaf haqqındakı film oldu...Bu, ən yaxşı heykəldi, zənnimcə..

Bir neçə mahnısını yerləşdirirəm, bəyənsəniz, başqalarına da "üz tutun" :)






http://kult.az/s%C9%99rc%C9%99ciyin-hekay%C9%99si-edit-piaf-haqqinda/






Hiç yorum yok:

Yorum Gönder