8 Haziran 2013 Cumartesi

Kitabları sevdirən müqəddəs insanlar

Bilirsiniz, sizə oxu vərdişini aşılayan insanları heç unutmayın. Əminəm ki, bir çoxlarının istiqamət verəni- kompası olub, kitabları kimsə sevdirib kimlərəsə. Bax, o adamlar müqəddəsdirlər...


 
  Bəlkə də kitab oxuyanların azlığı bunun vərdiş halını almaması, uşaqlıqdan aşılanmamasıdı. Necə olur ki, uşaq 5-6 yaşından seriallara ailəsiylə bərabər oturub maraqla baxır, amma kitab oxumur? Axı uşaqlıqdan bunu bir növ vərdiş halına salmaq olar.
  Təxminən IV sinifdə oxuyurdum (bacım da 3-də) O vaxt Aztv idi təkcə və maraqlı seriallar da yayımlanırdı. Deyəsən, “Mehriban düşmən” gedirdi efirə. Biz də evdəkilərlə baxırdıq. Atam bizim seriala baxmağımıza qarşı idi. Bir dəfə bizi digər otağa aparıb hərəmizə bir nağıl kitabı verdi. Mən Fatmanın, bacımsa Məlikməmmədin nağılını qaşqabağımız yer süpürərək məcburiyyətdən oxumağa başladıq. Necə olsa, serialın ən maraqlı yerində atamız bizə mane olmuşdu. Amma çarəsiz qalıb oxumağa başladıq. Və o vaxtdan ikimizdə də böyük kitab sevgisi, kitablara qarşı bağlılıq yarandı. Elə təkcə yay tətillərində nə qədər kitab oxuyardıq, bir Allah bilir.
 Kitab oxumağın faydaları çox oldu. Universitetə hazırlaşanda Azərbaycan yazıçılarının əsərlərindən suallar olardı. Başqaları 11- ci sinifdə o qədər dərs yükünün altında məcbur qalıb “Ölülər”i, “Hacı Qara”nı, “Müsibəti- Fəxrəddin”i və sairəni alayarımçıq oxuyanda, mən artıq hamısından xəbərdar idim. Eləcə də universitetdə də oxuduqlarımın çox faydası oldu.
  Buna görə atama hər zaman minnətdar olacağam...
  İkincisi..Bakı Slavyan Universitetinə qəbul olundum. Universitetdə rektorumuz Kamal Abdullanın belə bir qaydası var idi: semest ərzində Jurnalistika və Filologiya fakültələri ən azı 15 əsər oxumalı və kafedrada xüsusi ayrılmış müəllimlərə təhvil verməli idi. Bu qanun universitetin bütün fakültələrinə şamil olunurdu, qeyd etdiyim 2 fakülətələrə isə daha ciddi yanaşılırdı. Kitabları oxuyub təhvil verməyənlər imtahanlara buraxılmırdı. Əvvəllər bu məcburiyyət bizi əsəbiləşdirirdi və kitabları oxumamağa, öz istədiyimiz kitabları oxumağa üstünlük verirdik. Axı adı məcburiyyət idi. Amma müəyyən vaxtdan sonra səhvimizi anladıq və oxumağa başladıq. Universitet vaxtı Ekonu, Kamyunu, Kafkanı tanıdım. O vaxtadək isə təkcə adlarını eşitməklə tkifayətlənmişdim. Bu “məcburi” mütaliələrin bizə bir faydası da onda idi ki, qrupda hamı oxuyurdu, məsələn Herman Hessenin “Yalquzağ”ı təxminən 10 günə 15 nəfər arasında paylanıb oxunmuşdu. Oxuyandan sonra hamılıqla mütaliə oxunu daha yaddaqalan və maraqlı edirdi.
 Və 4 ildə oxuduqlarıma görə Kamal Abdullaya həmişə minnətdar olacağam...
  İmkanım olsa, ev-ev gəzib gənc analara deyərdim ki, uşaqlarınıza imkan verməyin mənasız seriallarla ömrünü çürütsünlər, onsuz da onlara heç bir faydaları olmayacaq. Boşa gedən vaxtlarını mütaliəyə həsr etsinlər. Onsuz da elə bir vaxt olur ki, mütaliə üçün bir saatı “çıraqla axtarır” adam...
  Bilirsiniz, sizə oxu vərdişini aşılayan insanları heç unutmayın. Əminəm ki, bir çoxlarının istiqamət verəni- kompası olub, kitabları kimsə sevdirib kimlərəsə. Bax, o adamlar müqəddəsdilər...





Hiç yorum yok:

Yorum Gönder