27 Temmuz 2013 Cumartesi

Somerset Moem- Ay və qara qəpik


   Dahi insanların dəli olması artıq ehtimal deyil, faktdır.
  Somerset Moemin “Ay və qara qəpik” əsərindən yazmaq istəyirəm. İngilis yazıçısı S.Moem bu əsərini
İmpressionizmin məşhur rəssamlarından biri Pol Qogenin həyatından ilhamlanaraq yazıb.

  Bir çox dahi rəssam kimi Pol Qogen də məşhurluğu ölümündən sonra qazanıb, tabloları milyonlara satılıb. O da bir çoxları kimi səfil, kasıb həyat keçirib. Maraqlısı odur ki, o, rəssam olmağa 40 yaşından sonra başlayıb.
  Əsərdə Çarlz Striklənd kimi təqdim olunan rəssam ailəsini, uşaqlarını, işini ataraq bütün həyatını rəssamlığa həsr etmək, yaratmaq üçün hər kəsdən uzaqlaşır, yoxsul həyat keçirir. Həyat yoldaşının bütün cəhdlərinə baxmayaraq, o, evə qayıtmır. Ömrünün sonunadək orda-burda yaşayır, əsərlərini heç bir sərgiyə çıxarmır.   Təbii ki, 40 yaşından sonra heç kəs onun nə vaxtsa onun böyük rəssam olacağına inanmır. Amma sən saydığını say...


  Deməli, Pol Qogen haqqında internetdə araşdırma aparanda maraqlı məlumatlarla rastlaşdım. Bu əsərdən sonra Vinsent Van Qoqdan bəhs edən İrvinq Stounun “Yaşamaq yanğısı” əsərini oxumuşdum. Əsərdə Pol Qogendən də müəyyən qədər bəhs olunur, Vinsent Van Qoqun ən yaxın dostlarından biri kimi təqdim olunur.
Van Qoq bir çoxlarına qulağını kəsən dəli rəssam kimi məlumdur. İnternetdə bir yazı oxudum və orda qeyd olunmuşdu ki, biseksual olan Van Qoq Pol Qogenə dəlicəsinə vurulubmuş, hətta o, qardaşı Teoya yazdığı məktubda bunu etiraf etməkdən də çəkinmir. Van Qoq həyatının son illərində dəli olur, tez-tez ürəkkeçmələri olur. O, uzun müddət Arlda yaşayır və həmin vaxt səfil, yoxsul həyat keçirən Pol Qogeni də yanına çağırır, iki dost uzun müddət birlikdə yaşayıb-yaradır. Günlərin bir günü fahişəxanadakı Raşel adlı gənc qadın üstündə iki rəssam savaşır. Van Qoq hətta bu fahişə ilə evlənmək də istəyirmiş. Bu savaşda Qogen qalib çıxır, belə ki, fahişə onu seçməklə Van Qoqu küsdürür. Bundan sonra Vinsent evə gedir və ülgüclə qulağını kəsib parçaya bükür və fahişəxanaya-Raşelin yanına gətirir... Bunu bəzi mənbələr iddia edir. Amma bəzi araşdırmaçılar Van Qoqun qulağını özünün yox, Qogenin kəsdiyini iddia edir. Belə ki, onlar rəssamın qardaşı Teoya yazdığı məktubda "yaxşı ki, həmin axşam Qoqen tapança və tüfənglə silahlanmamışdı, yoxsa..." cümləsini əsas gətirirlər. Bu “qulaqkəsmə”(kəsilmə) hadisəsindən sonra Qogen Taitiyə gedir və bu ayrılığa dözməyən Van Qoq 6 ay sonra özünü öldürür...
  Deyəsən, mətləbdən çox uzaqlaşdım. Amma mənim özümə bu məlumatlar maraqlı gəlmişdi, ona görə qısaca bölüşdüm.
  Əsərləri təkrar-təkrar oxumaq olmur bir çox halda. Amma ordam seçilən cümlələri müntəzəm oxumaq mümkündür. Ona görə də kitabı karandaşla oxumaq lazımdı...Bu da əsərdən maraqlı cümlələr:

“Insana mif yaratmaq qabiliyyəti verilmişdir. Ona görə də adamlar cəmiyyətdə seçilən ayrı-ayrı şəxslər haqqında hərisliklə, qəribə və sirli əhvalatlar uydurmaqdan özünü saxlaya bilmir, fanatik bir inamla əfsanənin bir parçasına çevrilirlər. Bu, həyatın adiliklərinə qarşı romantiklərin qiyamıdır.”
“Ruhi müvazinətini saxlamaq üçün gündə 2 dəfə xoşlamadığın işi gör.”
“Bir Allah bilir ki, təsadüfi bir oxucunu bir-iki saat məşğul etmək, ya da eləcə ona yol yoldaşı olmaq üçün yazılmış kitab müəllifinə necə iztirablar, necə ağrılar bahasına gəlir.”
“-Niyə bu yaxşı qadınlar çox vaxt darıxdırıcı, quru adamlara ərə gedir, görəsən?
-Ona görə ki, ağıllı kişilər yaxşı qadınları almır.”

“Insan təbiəti necə ziddiyyətlidir, bilmirdim ki, ən səmimi adamlarda belə süni nəzakət də olur, alicənab adamlar necə alçala bilir, məzlumlar necə xeyirxah olur.”

“Kim ki deyir, başqalarının onun haqqında nə düşündüyü onu maraqlandırmır, o, çox vaxt özünü aldadır. Yəqin belələri demək istəyirlər ki, onsuz da öz bildiklərini edəcəklər. Həm də o ümidlə belə edirlər ki, onların qəlbindəkilərdən heç kəs xəbər tutmaz.”

“Məncə, vicdan hər bir insanın varlığında cəmiyyətin özünü qorumaq üçün ixtira etdiyi qanunlara keşikçidir”
“İnsanı cəmiyyətə bağlayan tellər çox möhkəmdir. Şəxsi maraqdan yüksəkdə duran şeylərin varlığına inanmaqla insan bu inamın əsrir olur, ona səcdə edir, axırda kral əsasının həşəmətinə müticəsinə baş endirən əyan kimi vicdanının həssaslığı barədə fəxrlə danışır.”
“Kim deyirsə əzab insanı nəcibləşdirir, o səhv edir, insanı xoşbəxt həyat nəcibləşdirir,əzab isə adamı cılızlaşdırır, qisasa çağırır.”

“... Bir çox qadınlarda olduğu kimi, ərinin nəvaziş və qayğısını sevgi bilib ona cavab vermək istəyindən doğurdu. Bu elə bir hisdir ki, daşa da ağaca da oyana bilər, necə ki, üzüm tənəyi istənilən ağaca sarmaşıb qalxa bilir. Amma insan zəkası bu hissin gücünü çoxdan dərk etmişdir.Təsadüfi deyil ki, qızı zorla istəyən adama ərə verirlər, həm də bu zaman qızı inandırırlar ki, sevgi öz-özünə gələcək.
Bu hiss rahat və firavan yaşayışdan, var-dövlətlə fəxr etməkdən, hörmət-izzət sahibi olmaqdan, evdarlıq sevincindən doğan bir hissdir. əgər qadınlar bunu mənəviyyatla bağlayırlarsa, demək bundan da özlərinə şöhrət düzəldirlər. Bu hiss ehtirasa qarşı gücsüzdür.”


“Sevgi insanın qanını və ruhunu xəyallarla isidir, insan bilə-bilə xəyali varlığı həqiqi varlıqdan çox sevir. Sevgi insanı qaldıra da endirə də bilər. Sevən adam özünə məxsus olmur. O da bir fərd kimi mövcud deyil.ş indi o öz “mən”inə yabancı bir məqsədə çatmaq üçün bir aləm, bir vasitədir.Məhəbbətdə həmişə sentimentallıq olur.”

“Qadınların özünə qəsd etməsi çox vaxt məhəbbətdən olur, ancaq, adətən, onlar çalışırlar ki,qəsd baş tutmasın. Bu, yalnız onun üçündür ki, sevdiklərinin qəlbində rəhm və qorxu hissi oyatsınlar.”

“Sevgi zəiflikdi, acizlikdi. Ancaq mən kişiyəm.”

“Qadınlar sevməkdən başqa bir şey bacarmırlar, ona görə ərşi-əlaya qaldırırlar onu.inandırmağa çalışırlar ki,məhəbbət hər şeydir. Ancaq o, çox əhəmiyyətsiz şeydir. Şəhvət var. O, təbii və sağlam hisdir, sevgi isə xəstəlikdir.”

“Kişilərin ruhu kainatın ənginliklərinə can atır, qadınsa onu dörd divar arasında, ev qayğılarına bağlamağa çalışır.”

“Məhəbbəti hər şeydən uca tutan kişilər dünyada azdır, olsa da diqqəti cəlb etmirlər, hətta sevgini müqəddəs sayan qadınlar da belələrinə hərarətlə baxırlar. Qadınlar pərəstişdən həzz alır, duyğulanır, amma sevgi xatirinə hər şeyi qurban verən kişiləri əfəl və aciz sayırlar.”
“Qadının sevgisi heç vaxt soyumaq, səngimək bilmir, kişi isə istəyəndə istəyir, istəməyəndə yox.”

“Elə adamlar var ki, Allah subaylığı alınlarına yazır, amma onlar bəzəzn ya şıltaqlıqdan, ya da təsadüf nəticəsində ulu tanrının iradəsinə zidd çıxırlar. Dünyada evli ikən subaydan daha yazıq xilqət yoxdur.”

“Qadınlar ilk sevgililərini həmişə şəfqətlə xatırlayırlar, ancaq ilk məşuqun kim olduğunu yada salmaq heç də həmişə onlara müyəssər olmur.”

“Adamlar var ki, doğulmalı olduqları yerdə yox, tamam başqa yerdə dünyaya gəlirlər.”

“Adamın gözlənilməz hərəkətində həmişə nalayiq bir şey axtarırlar.”

“Qorxu insanları qəddar olmağa vadar edir”.








2 yorum:

  1. Cox gozel serh vermisen romandaki hec bir hadisenin gediwatini aciqlamadan :) men de bu eserler barede blog yazacaqdim, amma bu yazidan sonra yersizdi :))

    YanıtlaSil
  2. Əslində, yazandan sonra paylaşmışdım, gördüm ki,elə bir çoxlarını hadisələrin gedişatı maraqlandırır. Bu yazını əsəri oxuyandan sonra oxumaq lazımdır,deyə düşünürəm. Sən yaz,mütləq :)

    YanıtlaSil