2 Ağustos 2013 Cuma

"Velosiped oğruları" (Ladri di biciclette).Bir italyan filmi..

"Ladri di biciclette"

(Похитители велосипедов, Bisiklet hırsızları)

  Çoxdandı bu filmə baxmaq istəyirdim, nəhayət, dünən baxdım. Film deyirəm e sizə... Heç film boyu çay, kofe içmək belə ağlıma gəlmədi.

Məncə, yoxsulluğu ən gözəl anladan filmlərdəndi.

  Film 1948- ci ildə İtaliyada Vittorio de Sikanın rejissorluğu ilə ekranlaşdırılıb. Luigi Bartolinin romanı əsasında çəkilən filmin ssenarisini Çezare Zavattini yazıb. Film 1950- ci ildə "Ən yaxşı xarici film"nominasiyasında Oskara layiq görülüb. 
  Film mənə çox təsir etdi,bir az araşdırım haqqında. Demək, filmdə baş rolu canlandıran Lamberto Macorani fabrik işçisi olub filmdə oynaması üçün də işindən ona 2 aylıq icazə verilir. Filmdə onun oğlunu- balaca Bruno rolunu canlandıran uşaq- Enzo Stoilo da yoxsul bir ailənin uşağıdı və o da hardasa işləyirmiş. Demək, bir mənada onlar özlərini canlandırıblar filmdə.Və film çəkilişləri bitəndən sonra yenidən öz kasıb həyatlarına qayıdacaqlar. Bu informasiya filmin təsirini daha çox artırmış oldu.
  Filmdə müharibədən sonrakı İtaliyanın mənzərəsi canlanır-yoxsul mənzərəsi. Müharibənin bitməsinə hamı sevinir, amma ondan sonra guya firavanlıqmı olacaq?Yox, belə olmur. Film də elə ondan bəhs edir. İşsizlikdi, insanlar çətinliklə, əşyalarını satmaqla birtəhər dolanır.Filmin qəhrəmanı- Antonio Riççi də bir xeyli vaxtdır işsizdir. Nəhayət, ona uyğun bir iş tapılır- divarlara afişa yapışdırmalıdı. Amma bunun üçün ona velosiped lazımdı. Onlar bir neçə əşyalarını satır və velosiped alırlar. Antonio işə başlayır və işin ilk günü velosipedini oğurlayırlar. Polisə müraciət edir və polis bu işə baş qoşmur. Məcbur qalan ata-oğul özləri velosipedi axtarmağa başlayırlar. Çox axtarırlar, amma heç bir nəticə hasil olmur. Filmdə elə maraqlı detallar var ki, təbii ki, baxmağınız lazımdı.Filmi bütün təfsilatı ilə yazsam, baxanlar üçün maraqsız olacaq. 
 Adam ata ilə oğlun çarəsizliyinə, yoxsulluğuna bir tərəfdən də ümidlə axtarmağına baxanda istəyir onlara velosiped bağışlasın. O qədər adamın ürəyini sızladırlar. Yox, vallah, sentimentallıq etmirəm. Baxanda mənə haqq verəcəksiniz. 
Sonra məlum olur ki, bütün axtarışlar faydasızdı, şəhərdə hər addımbaşı velosiped var, oğrunun qoyduğu şapkadan da nə çox-çoxlarının başında var. Antonionun dediyi kimi: heç ananın duaları da bizə kömək edə bilməz. O çarəsizdi, velosiped olmasa, işini itirəcək. Satmağa da əşyaları qalmayıb artıq. Və o qədər vicdanı ilə boğuşur, götür-qoy edir, axırda uşağa pul verir ki, tramvayla getsin, filan yerdə gözləsin atasını. Özü isə kiminsə qapısı ağzında dayanan velosipedi oğurlayır. Bu vaxt balaca Bruno tramvaya minə bilmir və görür ki, velosiped oğrusu atasının dalıyca bir xeyli adam qaçır: tutun oğrunu, oğru,oğru..Və o vaxt balaca uşağın ağlaması, atasının palçıqlı papağını qaldırıb dəfələrlə çırpması..Oğlunun gözü qarşısında oğru tutulan çarəsiz bir ata.. Oğruluq sözlərlə ifadə olunmayacaq dərəcədə pis bir əməldir, söz yox. Amma Antonio, balaca oğlu o qədər ümidsiz, yoxsul, çarəsiz idilər ki, mən o atanın oğurluğuna haqq verirdim. Hətta o vicdanı ilə boğuşanda,ki,bu velosipedi oğurlayım, ya yox,mən ürəyimdə deyirdim ki, tez ol,Antonio,oğurla onu..Belə..
  Məncə, baxın, ölmədən öncə baxın.Amma öz işinizdir, özünüz bilərsiniz...))


Hiç yorum yok:

Yorum Gönder