29 Kasım 2013 Cuma

Çarlz Dikkens "Böyük ümidlər"


Çarlz Dikkensin “Böyük ümidlər” əsərinin təsirindən çıxmamış onun haqqında yazmağa başladım.”Oliver Tvist” Dikkensi uşaqlıqdan bir çoxlarına tanıdıb, sevdirib. Dikkensin belə bir əsəri olduğunu yaxın 1 neçə ildə bildim və bir xeyli axtarmalı oldum. Bəlkə kitabxanalarda taparam deyə çox axtardım, amma çifayda. Deyəsən, “Böyük ümidlər” tam şəkildə dilimizə çevrilməyib, amma rus və türk dillərində satışda asanlıqla tapa bilərsiniz. Təəssüf ki, dilimizə çevrilməyib. Hərçənd çox təəccüblüdür, çünki bu əsər klassikadır, həm də Dikkensin ən çox bəyənilən, sevilən əsəri olub.Bütün zamanların 10 ən yaxşı yazıçısı içində adı keçən Çarlz Dikkensin “Böyük ümidlər”i XIX əsrin 10 ən böyük əsəri siyahısındadır.

26 Kasım 2013 Salı

Nazim Hikmətin və Canan Tanın Pirayesi

 Bu günlərdə oxuduğum kitab Canan Tanın “Piraye” kitabı oldu. Canan Tanın dəst-xəttinə “Eroinle dansromanından bələd idim. Bu kitab da su kimi axıb getdi, 2 günə oxundu. Əslində, “Piraye”ni mənə oxudan Nazim Hikmət oldu. Daha doğrusu, Mavi gözlü devin sevgisi, bir çox dillər əzbəri olan, ürəkləri fəth edən sevgi şeirlərinin ünvanı, həyat yoldaşı Piraye oldu. Nazim Hikmətin şeirləri qədər sevgiləri də ölümsüzdür.

19 Kasım 2013 Salı

Amin Maaluf- Səmərqənd. Səmərqənddən Titanikədək olan tarix.


Maraqla oxuduğum və bitməsini heç istəmədiyim növbəti bir kitabı da tamamladım. Əslən livanlı olan fransız yazıçısı Amin Maalufun “Səmərqənd” kitabı. Amin Maalufun 1983- cü ildə çap olunan ilk əsəri “"Ərəblərin gözüylə xaç yürüşləri" onun dünyada tanınmasına gətirib çıxarıb. Yazıçının klassikaya çevrilən ikinci kitabı və ilk romanı “Afrikalı Leo” isə "Fransız - Ərəb Dostluq Mükafatı"na layiq görülüb. Ona ən böyük şöhrəti isə 1988- ci ildə nəşr etdirdiyi ikinci romanı “Səmərqənd” gətirib. Tarixi romanlar yazarı kimi tanınan Amin Maaluf hazırda Parisdə yaşayır.
Əsər 1072- ci ildə Xəyyamın Səmərqənd hekayəsilə başlayır və 1912- ci ildə Atlantik okeanında- Titanikdə sonlanır.
Titanikdə “Rübailər”. Şərq çiçəyi Qərb baxçasında. Ey Xəyyam, kaş ki, yaşadığımız bu gözəl anları görə bilsəydin”.

Ölmədən öncə

“Başqa bir gün üçün həyatdayıq.”
“Buddistlər həyata yenidən gələcəklərinə inanırlar. Daha yüksək və ya aşağı səviyyədə həyata gəlməyin əvvəlki həyatını necə yaşadığına bağlıdı.”

Həmişə öz-özümə sual vermişəm: həyatımın sona çatdığına bir neçə ay qalsaydı, nə edərdim? Konkret bir cavab verə bilməmişəm. 
“Достучаться до небес”   
(Knockin' on Heaven's Door) filmində həyatlarının son günlərini yaşayan 2 gənc heç vaxt görmədiyi dənizə getmək istəyir və bunun üçün müalicəni yarıda saxlayır, üstəlik, bir maşın da oğurlayıb istəklərinə nail olurlar. Bax, bu əsl cəsarətdir. Onsuz da öləcəksən, heç olmasa, son nəfəsində istədiklərini et. 

9 Kasım 2013 Cumartesi

İllər sonra tapdığım mahnı


Təxminən 5-6 il öncə bu mahnını radioda dinləmişdim. O vaxt hər gecə radio mahnıları ilə yuxuya gedirdim. Ən çox ictimai radionu dinləyirdim.Bu mahnının da lap sonlarını dinləmə fürsətim olmuşdum. Bircə gönül sözü yadımda qalmışdı, mahnı o qədər tutmuşdu ki məni. Nə mahnının adını, nə kimin oxuduğunu bilirdim. O vaxt da internet istifadəçisi, demək olar ki, deyildim. Ona görə bir az ondan-bundan soruşdum, maraqlandım, heç kəs bilməyincə unudulub getdi mahnı. Üstündən 3 ildən çox bir müddət keçdi və bu mahnını təsadüfən facebookdakı bir səhifədən tapdım. O vaxt necə sevinmişdim, hətta gözlərim də dolmuşdu. Dalbadal dinlədim acgözlüklə. Bu mahnı mənim üçün çox-çox doğmadır ona görə. İllər sonra təsadüfən qarşıma çıxması, sanki, illərdir itirdiyim çox əzizimi, doğmamı tapmağım kimi idi. Dinlədikcə qucaqlayırdım, bağrıma basırdım onu.. Ona görə heç kim bu mahnını məndən çox sevdiyini israr etməsin :) 


Ramiz Rövşəndən seçmələr

Çox sevdiyim şair Ramiz Rövşənin "Nəfəs" kitabını ara-sıra oxuyuram.Şeirə ac olduğum vaxtlarda, sentimentallaşdığımda :) Zövq verir adama..Kitabdakı şeirlərin hərəsindən bir və ya bir neçə misra götürüb yeni şeir düzəltdim :) Şairin əksər şeirlərində "dünya" sözü keçir. Elə mən də o sözün "qulpundan" yapışdım ))

Bu dünya yem bilir məni
Yer üzü gəmirir məni
Dözmək olmur, bıçaq kimi
dünya gözə dirənəndə.
Daha balta kəsməz ağlım kəsəni
dünyanın dadını bilirəm daha.
Beşiyindən qəbrinəcən
bu dünyada sən adlanan nə varsa,
sıxılar,yığılar bir adama
Onda bilərsən ki, bu dünya nədi,
acıdı, dadlıdı, onda bilərsən.
...Bu dünyada Allah deyilənin də
Boyu bir addımdı onda bilərsən.
Bir addımın qabağında diz çöküb
hönkür –hönkür ağlayarsan, ölərsən…
Bu dünyanın üzünə örtüldüm qapı kimi.
Dünyada çox şeyə əlim çatmadı,
dərdin yekəsindən yapışa bildim.
Bir dərdim qalmadı özümdən yekə,
bütün dərdlərimdən mən yekə oldum.
nyanın yolları qırıldı birdən
birdən ürəyimin dibi göründü..
Məni yedirtməkdən yoruldu dünya
Çörəyi yoruldu, suyu yoruldu...
Bu dünyanın göyündən-
         yerindən də küsmüşəm...
Daha mənə bu dünyada
Nə qaldı ölümdən əziz?...
...əlin heç nəyə çatmayanda
bu dünyadan özünü dər.
Ruhum dur yığış gedirik
Sən yuxarı mən aşağı..
mənim bu dünyayla bir alverim var
hamı öz ömrünü alıb-verəcək
hamı alverdədi,kim tacir deyil?
hamı günahkardı dünyada amma
dünyada heç kəsin günahı yoxdu…
…Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağımış…
Haçansa keyfinin xoş saatında,
Ilahi, təzədən yadına düşsəm,
Ilahi, təzədən calasan məni
 dünyanın ən gözəl güzgüsü ollam
təzədən dünyaya yollasan məni,
bu adam olmaram, özgəsi ollam..
bu dünyada biz hərəmiz
bir günahın yiyəsiyik
mən gedirəm cəhənnəmə,
ilahi, mənsiz oyna..
dünya, səndən doydum daha
get acları doyuzdur…
...Getdim o dünyaya dəydim qayıtdım
Öldür məni , ölməyə gücüm çatmır,
gücüm çatmır bu dünyadan getməyə..

Ramiz Rövşənin əksər şeirləri dillər əzbəri olub, əksər misraları əzbər bilinir. Şeirləri içərisində az-az rastanan, bəlkə də hələ oxunmamış misraları seçdim:

Qəlbimdəki səbirdən,
 Dözümdən yıxılıram.
Gözümdən yıxıldım, Allah,
Gözüm yaşından yıxıldım.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Dar günümə saxlamağa,
Qısılıb ağlamağa
Içimdə salamat yer qalmadı.
Ağlanmayan dərd də var,
Göz yaşından yuxarı.
Bu ögey şəhərdə bütün daşlara,
Bütün ağaclara doğmalaşaram.
Ürəyim həmişə əyində gəzən
Nimdaş paltar kimi süzülüb tamam.
Təkcə gücsüzlüyündən yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
Içindən yıxılır adam.







6 Kasım 2013 Çarşamba

Oxuyur: kişi səsli qadın :)


Kişi səsli qadın. Səsi cinsiyyətinə əks olan əfsanə musiqiçi.. Bu mahnı sözlərinə zidd olsa da, adamı ölüm döşəyindən qaldıracaq gücə sahibdir. Xəstə yatağında yatsan, bu mahnını dinləyəndə elə ordaca oynamaq istəyi yaradar adamda. Keyfinin ən pis vaxtında belə əhvalına rəng qatar..

"Camaat nə deyər?" fobiyası

 Biz həyatımız boyu el sözü, qonşu, qohum, tanış sözünü öz arzularımızdan, istəklərimizdən daha yuxarı başa qoymuşuq. O sözlərlə oturub- durmuşuq. Heç cürə özümüzü, öz həyatımızı yaşaya bilməmişik. “El sözü” bir məhbəs olub bizim üçün. Bu sözlərə  həbs olmuşuq, onu aşacaq cəsarəti özümüzdə tapa bilməmişik. “Camaat nə deyər?” qanımızı gənə kimi sorub, bizi öz boyumuzdan qat-qat uca divarlar arxasına sürükləyib.