Biz
həyatımız boyu el sözü, qonşu, qohum, tanış sözünü öz arzularımızdan, istəklərimizdən
daha yuxarı başa qoymuşuq. O sözlərlə oturub- durmuşuq. Heç
cürə özümüzü, öz həyatımızı yaşaya bilməmişik. “El sözü” bir məhbəs olub bizim
üçün. Bu sözlərə həbs olmuşuq, onu
aşacaq cəsarəti özümüzdə tapa bilməmişik. “Camaat nə deyər?” qanımızı gənə kimi
sorub, bizi öz boyumuzdan qat-qat uca divarlar arxasına sürükləyib.
İnsanların ən
böyük bədbəxtliyi də elə budur, yıxa bilmirlər bu uca divarları. “El sözü” olmasaydı, həyat da, yaşamaq da çox
asan olardı. Bizi biz edən arzularımızı, xəyallarımızı, planlarımızı, istəklərimizi
“el sözü”nə görə ölçüb- biçməz, camaatın məsləhət bildiyi yorğana ayağımızı
uzatmazdıq.
Molla
Nəsrəddin lətifəsi yada düşür bu dəm:
Bir
gün Molla eşşəklə oğlunun dalıyca məktəbə gəlir. İkisi də eşşəyə oturub evə
yola düşürlər. Bir qədər keçir, bir dəstə adam çıxır bunların qarşısına, başlayırlar
Mollanı günahlandırmağa:
- Molla, insafın olsun, yazıq eşşək
o qədər yükü necə daşısın?
Molla
da oğlunu eşşəkdən düşürüb yoluna davam edir. Bu vaxt daha bir neçə adam
qabağını kəsib deyir:
- Ayıb olsun sənə, Molla, bapbalaca
uşağa necə qıyırsan sən?
Molla
uşağı eşşəyə oturdur, özü yoluna davam edir. Yenə qabağını kəsib deyirlər:
- Bu
zəmanə uşaqları da çox pis böyüyürlər. Yaşlı atası yeriyir, özü isə eşşəkdə.
Bu söz uşağa bərk toxunur, eşşəkdən düşüb atasının yanındaca yola davam edir.
Bu vaxt ağzıgöyçəklərin yenə deməyə sözü tapılır: “Nə axmaq adamdılar bunlar,
eşşək gedir, bunlar günün istisində payi-payadə”.
Molla
da oğluna deyir ki, görürsən də, bala, camaatın ağzı torba deyil ki, büzəsən.
Bax
belə, hər kəsin dediyi “ doğruya” uysan,
tutduğun yolda irəliləmək çətin olur, ən yaxşısı, elə öz bildiyin yolu
tutub getməkdir.
Bu
lətifəni insanlar elə- belə uydurmayıblar Mollanın adına. Bu bəlayi-giriftara əsrlərdi
batıb, “el sözü” bataqlığında çabalayıblar. Nə etsən də, elin danışmağa, məzəmmət
etməyə həmişə bir “qulpu” olacaq. Hər kəs başını salıb öz işi ilə məşğul olsa,
kiminsə işinə burnunu soxmasa, dünyada heç iş qalmaz.
“Həzrəti
İsanın vaxtında bir qadın zina edib deyə onu rəcm etməyə qərar verir camaat.
Yazıq qadının günahı heç sübuta da yetirilməyib, amma insanların gözünü qan
tutub. Qadını belinədək torpağa basdırıb
daşlamağa hazırlaşanda Hz. İsa yetişir. Nə olduğunu soruşanda camaat bir
ağızdan deyir ki, bu qadın günahkardır, biz də onu öldürüb cəzasını veririk.
Hz. İsa bunun düzgün olmadığını anlatmağa çalışır, amma nə fayda? Qızmış
insanların hirsi, qəzəbi ağıllarının önünə keçib, qadını daş yağışına tutmağa
hazırlaşırlar. Onda Peyğəmbər onlara “ilk daşı ən günahsız olanınız atsın”
deyir. Bundan sonra bu kütlə bircə-bircə əllərindəki daşı yerə atıb ordan
uzaqlaşırlar." Yəni barmağını başqasına işarət edəndə öncə öz əllərinin təmiz
olduğundan əmin ol.
Bukovski “başqalarının haqqımda nə düşündüyünü önəmsəməyərək
ömrümü 10 il uzatdım” deyib. Bukovski əyyaş da olsa, sərxoş adamlar çox vaxt
sözün düzünü deyirlər. Ömrümüzün qalanını, el sözünə yox, özümüzə ayıracaq gücə,
iradəyə sahib olmaq diləyilə :)
Hiç yorum yok:
Yorum Gönder