Xalid Hüseyninin son illlərdə bestseller olan “Çərpələng uçuran” və “Min möhtəşəm günəş” əsərləri bir çoxlarımıza Əfqanıstan haqqında bilmədiyimiz informasiyaları vermişdi. ”Əfqanıstanda uşaqlar var, uşaqlıq yoxdur” cümləsi əsərin özünə bərabər bir mesaj idi bəlkə də. Elə təkcə bu cümlədən bir xeyli təsirlənmişdik. Bu əsərlər bir daha göstərdi ki, əslində, KİV bizə gerçəkliyi bütün üzü ilə göstərmir.Bu qədər informasiya içində biz sadəcə tək bir tərəf görürük:müharibə,talibanla amerikan əsgərlərinin qarşıdurması, ölənlər, yaralananlar, evsiz-eşiksizlər və sairə bu kimi məlumatlar. Xalid Hüseyni bilmədiyimiz bir çox həqiqətləri bizə göstərə bildi.
Mən də gerçəklərin digər üzünü müəyyən qədər
bu iki əsərdə görmüşdüm.İranlı rejissor Mohsen Mahmalbafın “Safar e Ghandehar” (The Sun Behind the Moon"; "Ayın arxasındakı günəş və ya Qəndəhara səfər") filmi bilgimi vizual olaraq bir qədər də artırdı.Bu filmə qədər X.Hüseyninin öz əsərlərində həddindən artıq sentimentallığa yol verdiyini düşünürdüm. Sən demə, o qədər deyilmiş...Ümidsizlik,
minaya düşüb əl-ayağını itirən saysız insanlar, məktəb arzusunda olub gedə bilməyən
uşaqlar,yoxsulluq, aclıq,çarəsizlik.. və daha artığını bu film sizə göstərəcək.
Həm də təbiiliyi, səmimiliyi ilə...
Rejissor
ssenarinin həqiqətlə bağlılığı ilə bağlı bunu qeyd edir: “Bir gün Kanadaya mühacir kimi
köçmüş bir əfqan qadın yanıma gəldi.Qəndəhardakı çətinliklərə görə intihar etmək
istəyən bir dostundan ümidsiz bir məktub almışdı.Qadın Əfqanıstana dönüb nəyin
bahasına olur-olsun dostuna kömək etmək
istəyirdi. Məndən istədiyi isə onunla birgə Əfqanıstana gedib səfərini filmə çəkmək
idi. Mən onunla getmədim, amma sonradan gizlicə Əfqanıstana girib insanların
dramatik həyatını öz gözlərimlə gördüm.Əfqanıstanda iqtisadi, siyasi və hərbi vəziyyətlə
bağlı sənədlərlə tanış oldum, sənədli filmlərə baxdım, əsərlər oxudum.Əlbəttə,
öz fantaziyamı və əldə etdiyim digər məlumatları da ssenariyə əlavə etdim. Amma
o qadının Əfqanıstana səfəri filmin əsas sujet xətti kimi qaldı.Tək dəyişiklik
isə intihar etmək dostunu onun bacısı ilə əvəzləməyim oldu”.
Günəşlə yarışan qadın
Kanadada
yaşayan əfqan qadın jurnalist Nafəs Əfqanıstandakı bacısından məktub alır. Uşaqkən
oynayanda kuklanın içindəki bomba partlayır və bacısı hər iki ayağını itirir.
Ölkədən qaçmaq istəyəndə isə atası şikəst qızla qaçmağın çətinliyini anlayıb elə
orada qalır. Nafəs isə Kanadaya köçür. İllər sonra atasını da itirən qız şikəst
halda bütün çətinliklərə sinə gərə bilmir və bacısına günəş tutulmasından sonra
intihar edəcəyilə bağlı məktub yollayır.Məktub Kanadaya 2 ay sonra gəlib çatır.
Nafəs bütün yolları sınayır, amma Qəndəhara getmək üçün İran sərhəddindən keçməyə
məcbur olur. İndi onun bacısının həyatını qurtarmaq üçün cəmi 3 günü var.
Qadın
100 dollar qarşılığında bir kişinin 4-cü arvadı rolunda Qəhdəhara səfər edir.
Yolda soyğunçularla rastlaşan və hər şeyi əllərindən alınan ailə İrana dönməli
olur. Nafəs balaca bir uşağın,sonra amerikalı bir həkimin, daha sonra isə qolsuz
bir kişinin bələdçiliyilə yoluna davam edir.
“Həmişə əfqan
qadınlarının məhkum olduğu həbsxanalardan qaçdım.Amma bu gün...bu həbsxanaların
hər birində məhkumam...təkcə sənin üçün, bacım”
İran
kinosunun ən önəmli simalarından biri olan Mohsen Mahmalbafın bu filmi dünyanın
diqqətini özünə cəlb edə bilir. Film, əsasən, İranda,bir qismi isə gizlicə
Əfqanıstanda çəkilib.Film bir çox mükafatlara layiq görülüb: ”Times” jurnalı tərəfindən
bütün dövrlərin 100 ən yaxşı filmi sayılıb, 2001- ci ildə Mahmalbaf UNİSEF-in
Fellini mükafatını qazanıb, 2002- ci ildə “ən yaxşı xarici film”nominasiyasında
Oskara namizəd olub və sairə.
Əfqanıstanda ən müasir şey təkcə silahlardır
Əfqanıstanda
televizor qadağandı, qızlar məktəbə getmir, oğlanlar isə molla yanına getməklə
yalnız Quranı öyrənirlər.Uşaqlar məktəb arzusundadırlar.. Qadınların çox az
qisminin adı var, onlara “qara baş” deyə müraciət olunur. Bu da onların
geyindiyi “burka” adlı geyimlə bağlıdır. Qadını başdan-ayağa tamam örtən (gözlərindən
başqa), bəzən isə göz hissəsi də torla örtülmüş olan burka onlar üçün bir növ həbsxanadır..Özü
öz geyiminə, özünə həbs olunub qadın...İnsanlar minaya düşərək əllərini,
ayaqlarını itirib, uşaqlara kuklalarla oynamamaq məsləhət görülür. Çünki bu
oyuncaqların içində minaların olma ehtimalı böyükdür. Şikəst insanlar işləməyə
məcburdurlar, amma lazım olan protezlər üçün aylarla, bəzən bir neçə il gözləməli
olurlar. İnsanlar çox şeydən məlumatsızdır,ən adi xəstəliklərdən, ishaldan,
qızdırmadan, natəmiz quyularda içdikləri sudan... ən çox isə aclıqdan ölürlər..Amerikalı
həkimin dediyi kimi, Əfqanıstanda ən müasir şey təkcə silahlardır..
![]() |
Əfqanıstanda din qadınların kişi həkimlərlə üz-üzə oturmasını qadağan edir. Ona görə də həkim yanına gələn qadınlar bu cür pərdə arxasından müayinədən keçirlər. |
Utancından yıxılan Budda
İnsanların
dramını bütün çılpaqlığı ilə KİV bizə göstərmir..Rejissor müsahibəsində deyir: “1996-
cı ildə talibanın əmri ilə böyük bir kitabxana 55 min kitabla torpağa
basdırıldı. BMT-nin açıqlamalarına görə, 1milyon insanı hər an ölüm təhlükəsi
gözləyir. Milyonlarla insan minalara düşüb şikəst olur.Bütün bu həqiqətlər varkən
bəs dünya nə etdi? Diqqətini Budda heykəlinin məhvinə yönəltdi və Buddanın
taleyini ordakı insanların taleyindən üstün tutdu.”
“Məncə, Əfqanıstandakı Budda heykəlini heç kim
yıxmadı.O heykəl utandığından özü yıxıldı.Dünyanın Əfqanıstan həqiqətlərinə
qarşı göstərdiyi laqeydlikdən utandı və daha dözə bilmədi. O, dünyanın ən böyük
Budda heykəli idi, amma milyonlarla insanı xilas etmək üçün böyüklüyünün heç
bir faydası olmadığını gördü.”
Əfqanıstanda
insanların güllə səsindən uzaq, dinc, sülhlə yaşaması, uşaqların çərpələnglərini
uçurub kuklaları isə qorxmadan oynaması, istədikləri kimi təhsil alması,
qadınların “qara baş”deyil, azad qadın hesab olunması ümidi ilə...
Hiç yorum yok:
Yorum Gönder