İranın qadağan olunmuş
səsi.. Söhbət Mohsen Namjoodan gedir. Milyonlarla dinləyicisi var bu musiqiçinin. Bizim ölkədə də bir çoxları
tanıyır, sevir, bir çoxları da hələ xəbərsizdir. Xəbərsiz olanlar üçün bəri
başdan deyim ki, dinləyin..Mütləq..
İranlı musiqiçi Mohsen Namjoo 1976- cı ildə İranın Xorasan ostanının Türbət Cam şəhristanında sünni- kürd ailədə doğulub.
Uşaq yaşlarından atasını itirən Mohsenin ailəsinin maddi vəziyyəti o qədər də
yaxşı olmur.Musiqiyə elə uşaqkən marağı onun musiqi təmayüllü internat məktəbinə
yatırılması ilə nəticələnir. Burda o, 18 yaşınadək İran klassik musiqi ustadı Nəsrullah
Naşəpurdan dərs alır. Musiqi təhsilini Tehran universitetində davam etdirmək
istəyir və ailəsinin etirazına baxmayaraq, Tehrana köçür.
1994- cü ildə Tehran universitetində musiqi və
teatr təhsili almağa başlayır. İranın ən öndə gedən musiqi müəllimlərindən dərs
alan Mohsen klassik İran musiqisi ilə modern qərb musiqisini sintez etdiyinə
görə müəllimləri tərəfindən etirazla qarşılanır və bunlar da onun 3-cü il universitetdən
qovulmasına gətirib çıxarır. Bu hadisələrə isə sonradan öz müsahibələrində belə
şərh verir: “Əvvəllər musiqi sevgim üçün musiqi təhsili almağa qərar vermişdim,
sonralar isə musiqiyə olan sevgimə görə təhsilim yarımçıq qaldı”
Bundan sonra o, musiqi həyatına universitetin təzyiqləri olmadan davam etməyə başlayır. Bir çox film və sənədli filmlərin musiqiləri hazılayır. Tehranda konsertlər verməyə başlayır, artıq tanınmağa başlayır. 2006- cı ildə ölkə xaricinə çıxmağa başlayır, Beynəlxalq Rotterdam Film festifalında “Hotspot Teheran” adlı kompozisiya ilə səhnəyə çıxır. Konsert uğurlu alınır və bundan sonar Hollandiya radiosunda onunla veriliş hazırlanır, konsertdən mahnılar çalınır.
2009- cu ildə “Şəms” mahnısında Quran ayələrindən
istifadəsinə görə 5 illik həbsə məhkum olunur. Amma özü xaricdə olduğundan və bir daha ölkəyə
qayıtmadığından həbsdə yatmır. Buna baxmayaraq, hələ də İranda albomlarının
satılması, çoxaldılması, dinlənməsi qadağandır.
Qeyd: Araşdıranda bəzi mənbələrdə Val Sakhi Mahnısında Quran ayələri olduğu iddia olunurdu:
İlk rəsmi albomu
2007- ci ildə Toranj adı ilə çıxıb. İndiyədək isə 5 albom çıxarıb.
“İranın Bob Dylan”ı
adlandırılan Mohsen klassik İran musiqisinin caz, rok və bluzla sintezi şəklində
ifa edir. Mahnılarının sözləri isə klassik ədəbiyyata-Sədiyə,Hafizə,Mövlanaya
söykənir və təbii ki, özü də şeirlər yazır. Setar adlı udabənzər İran milli
musiqi aləti də onun musiqilərinə bir növ bələdçilik edir. Amma onun səs telləri
həm də musiqi alətidir.
Mohsenlə ilk
tanışlığım İranlı rejissor Məcid Məcidinin Cənnətin rəngi filmi ilə oldu.
Filmin musiqilərini axtaranda onun mahnısı qarşıma çıxdı. Ilk dinləyəndə onun dərinliyini
qulağım duya bilmədi.Mohseni sevməyim bir az sonralar oldu. Artıq sosial şəbəkələrdə
də paylaşılır və sevilirdi Mohsen. Düzdür, hələ də bu musiqi farsa,digəri kürdə
və s. aiddir deyə ayrı-seçkilik salanlar, dinləməyənlər var, amma musiqi sərhəd
tanımır. Musiqidə milli, dini, irqi ayrı-seçkilik salmaq ən azı günah
olar.Musiqi bir dindir və sənin qulağın, ruhun sənə xoş gələnə ibadət edir.
Musiqiçi İtaliya və Hollandiyada yaşayıb, hazırda onun Amerikada yaşadığı bildirilir. İranlı rejissor Torange Abedianla
evlidir.
![]() |
Mohsen Namjoo və Torange Abedian |
Mohsen müsahibələrində qeyd edib ki, musiqi və şeirlərinin mənbəyi ucsuz-bucaqsız İran mədəniyyəti və tarixidir. "Bu musiqi və sözlər 400 ildir mübarizə aparan müasirlik və ənənənin müharibə bölgəsi İrandan bəhs edir".”Nə vaxt cəmiyyətdəki ziddiyyətlərə gülmək istəsəm, onda bluzun ritmik notlarının İran musiqisi ilə sintezindən istifadə edirəm. Nə vaxt ağlamaq, taleyimi anlatmaq istəsəm, onda İran oxuma tərzi ilə bluza yol alıram və şeirlərdə özümü bir qaçqın kimi tapıram”.
Mohsen, sanki, Tanrının dili ilə oxuyur. Onu dinləyəndə içindəki ən
dərin yerə- Allahla olan mərtəbəyə çatırsan. Ağlamaq, bəzən gülümsəmək istəyirsən. Bəzən
bütün vücudun titrəyir, bəzənsə içini o qədər isidir ki..Sözlərini anlamadan bir başqa təsiri olur, sözlərini anlayandan sonra isə bir başqa. Bəlkə kimsə düşünə bilər
ki, çox şişirdirəm, xeyr, qətiyyən. Hiss etdiklərimin sadəcə mində birini yaza
bilirəm. Dinləsəniz, bəlkə
haqq verərsiniz...
Bir gün Mohseni canlı dinləmək ümidi ilə...
Hiç yorum yok:
Yorum Gönder