17 Eylül 2013 Salı

Siqaret dumanlı səs

Tom Ueytsi dinləyib sevirdim, amma onun haqqında oxuduqdan sonra mənim üçün daha özəl biri oldu. İnternetdə onun haqqında en qədər məlumat var, hamısını bura yazmaq istəmirəm. Maraqlananlar özləri daha ətraflı öyrənə bilərlər. Amma bir neçə məlumatı qeyd edəcəyəm.

Bu adam piano çalmağı qonşusunun pianosunda öz-özünə öyrənir (yadıma Pol Qogenin 40 yaşdan sonra rəssamlığa başlaması düşür. ”İnsan hər şeyi bacarar, təki istək olsun” fikir özünü təsdiqləyir) Qəzet paylayıb aldığı pulu yığmaqla ilk gitarasını alır. İşlədiyi kafedə menyunu qarnına döydürür, menyunu istəyənlərə  qarnını göstərməklə kifayətlənir. Uşaq vaxtından bir dəftəri olur və ora şeirlər, sözlər yazır. Sonralar işlədiyi yerlərdə insanların danışdıqlarına qulaq verməklə bunları da dəftərinə qeyd edir. Və bunların bəziləri onun mahnıları üçün qaynaq olmuş olur. Ən çox dinlədiyi də Bob Dylan olur. Günlərin bir günü oxuduğu barda Frank Zappanın da meneceri olan adam tərəfindən kəşf olunur. Barların, içki və siqaret dumanının içində yetişir Tom və onun mahnıları..





"Tom Ueytsin səsində şoseləri asfaltlamağa yetəcək qədər qətran var" (Rolling Stones)
Tom özü qeyd edir ki, “Əgər bir konsertə minlərlə adam gedirsə, demək orda keyfiyyətli musiqi yoxdur, çünki əsla o qədər keyfiyyətli dinləyicini bir araya gətirmək olmaz”.



Tom Ueyts dinləmək gecənin yarısınadək heç tanımadığın bir yerdə, unudulmuş bir dalanda, unudulmuş bir pubda, Tanrının unutduğu insanlarla siqaret tüstüsündə oturub bütün səni unudanları xatırlamaqdır.
O səsin, o musiqinin içində özünün də xəbərsiz olduğu yerlərə toxunmaqdır. Hansı telləri dilləndirirsə, içində sözlər aşıb-daşır, ağzın sözlərlə köpüklənir, amma heç birini xaric edə bilmirsən. Sonra yenə udursan o sözləri, demək istədiklərini. Əvvəlki yerlərinə qayıdır o sözlər, o hislər.

Tom Ueytsi, sanki, Tanrı dünyaya insanları səsi ilə məhv etmək üçün yollayıb.
Onu dinləmək içində nələrinsə qırıldığını, çatladığını, sındığını hiss etməkdir. Bütün adamları şapkalı , damağında siqaret, əlində içki xəyal etməkdir.
Bütün səssizliklərinə, tənhalıqlarına musiqi basdırmaqdır...

Hiç yorum yok:

Yorum Gönder