27 Ekim 2013 Pazar

“Anası savadsız olan xalq kordur”

Yazımı böyük xeyriyyəçi H.Z. Tağıyevin sözü ilə başlamaq istəyirəm: “Anası savadsız olan xalq kordur”. Bəli, xeyriyyəçi millətin, cəmiyyətin tərəqqisində, ailədə qadının rolunu düzgün qiymətləndirmiş, eləcə də, bu zərif çiyinlər üzərinə düşən böyük yükə də işarə etmişdir.
Savadlı qadın yaxşı tərbiyəçi, yaxşı valideyn, yaxşı həyat yoldaşı, yaxşı aşpaz, yaxşı iş qadını və s. ola bilər. Amma nədənsə, bir çox valideynlər sənətə yiyələnmələri, təhsil almaları, iş tapmalarında və s. kimi məsələlərdə oğlan övladlarını irəli çəkir, qız uşaqlarını ikinci planda saxlayırlar.

23 Ekim 2013 Çarşamba

Günəşi gördüm


Bu həyatda mütləq ediləcək şeylərdən biri də günəşin doğuşunu dənizdən seyr etməkdir. Nə bilim, deyirlər ha, ölmədən öncə edilən, on, yüz, iki yüz və s. şey. Bax, onlardan biridir bu. Siyahının başında durmalıdır. Yaşadığın müddətdə də ən az bircə dəfə olmalıdır.. Sevdiyinlə birgə seyr edəsən dünya gözü ilə. Bu, təkcə romantika deyil, həm də ümiddir.. Yeni sabahlar üçün yaşamaq istəyi, hər şeyin daha gözəl olma ümidi..

Sürəyyaya və İslama atılan daş


“Sürəyyanı daşlamaq”(The stoning of Soraya M.) Bu filmə aylar öncə baxıb göz yaşlarımı saxlaya bilməmişdim, ağladıqca ağlamışdım. Ən son Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini oxuduğumda bütün qadınlar adına ağlamışdım. Onların çətinlikləri, məruz qaldıqları işgəncələr, haqsızlıqlara rəğmən səslərini içində boğmalarına ağlamışdım. Qadın olmaq çətindir.. Bu şablon cümləni qurmalı oluram.
Sürəyyaya və İslama atılan daş
“Sürəyyanı daşlamaq”. Bu filmə aylar öncə baxıb göz yaşlarımı saxlaya bilməmişdim, ağladıqca ağlamışdım. Ən son Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini oxuduğumda bütün qadınlar adına ağlamışdım. Onların çətinlikləri, məruz qaldıqları işgəncələr, haqsızlıqlara rəğmən səslərini içində boğmalarına ağlamışdım. Qadın olmaq çətindir.. Bu şablon cümləni qurmalı oluram.
Film həqiqətən olmuş bir əhvalata söykənir. Keçmiş iran səfirinin oğlu Freidoune Sahebjam Fransada yaşayan jurnalistdir. Bir gün İran kəndlərinin birində maşını xarab olanda Sürəyyanın qohumu Zəhra onu bir yolla evinə dəvət edir. “Qadınların səsi burda dəyərsizdir. Səsimi özünlə birgə aparmağını istəyirəm” deyib kənddə baş verən tükürpədici hadisəni danışmağa başlayır..” The Stoning of Soraya M. “adlı gerçək əhvalat kitab şəklində 1994- cü ildə oxucuların ixtiyarına veriləndə qısa zamanda bestseller olur. 2009- cu ildə isə kitab ABŞ-da İran əsilli rejissor Cyrus Nowrasteh tərəfindən ssenariləşdirilir.
1986- cı il. İranda Ayətullah Xomeyni dövrü. Qadınlar mal kimi alınıb-satılır, döyülür, olmazın işgəncələrə məruz qalır. Mollalar şəriət və din pərdəsi adı altında qadınları hər cür qadağalarla qıfıllayıb. Sürəyyanın ərinin 14 yaşlı bir qıza gözü düşür və onunla evlənmək istəyir. Şəriət bunu, düzdür, qadağan etmir, amma əri ailə qayğılarından ( 2 oğlunu özü ilə götürüb, qızları və Sürəyyanı başından etmək istəyir) xilas olmaq niyyətindədir. Buna görə də bir yolu qalır, o da Sürəyyanı şərləyib onu zina etməkdə günahlandırmaq. Həmin vaxt kənd sakinlərindən birinin arvadı rəhmətə gedir və balaca uşağı və ərinə pul qarşılığında Sürəyya qulluq etməyə başlayır. Sürəyyanı necə olur- olsun ortadan qaldırmağı planlayan əri üçün bu göydəndüşmə fürsət olur. Zina edən bir qadının cəzası isə rəcm, yəni daş-qalaq olunmaqdır. . Ən ağrıdıcı isə Sürəyyanın atasının və 2 oğlunun daşına hədəf olması olur. Bir ana üçün ən ağırı,ölümdən də betəri budur elə. Beləcə, bütün kənd yığışıb Sürəyyanı “Allahın əmri ilə” daş-qalaq edir. Kənd əhli rəcmin uğurlu keçməsinə görə bir-birini təbrik edib “Allah razı olsun” deyir və gecə bu münasibətlə şənlikləri başlanır. Sürəyyanın parçalanmış cəsədini isə itlərə yem edirlər. Gecə yarısı Zəhra sümüklərini yığıb basdırır. Amma ona söz verdiyi kimi, hekayəsini, kiçik kəndin böyük cinayətini bütün dünyaya bəyan edir..
Sürəyya filmdə günahkar olsaydı belə, bu cür cəzanın tətbiqi yenə də insanlıqdan kənar olardı. Heç bir səbəb bir insanı bu cür vəhşiliklə öldürməyə rəvac vermir, verməməlidir. Amma çox təəssüf ki, bu gün belə  Səudiyyə Ərəbistan, Pakistan, Əfqanıstan kimi ölkələrdə rəcm həyata keçirilir. Sürəyya döyülüb öldürülən, incidilən, haqsızlıqlara məruz qalan, azadlıqları buxovlanmış, susdurulmuş, gün görməyən qadınların bir növ simvoludur.
İnsanlar tarixən vəhşiliklərini, amansızlıqlarını həyasızlıqla din adına yazıb onu da ləkələyiblər. Və filmi izləyənlərdə ikili fikir formalaşa bilər:” İslam elə budur”, “Yox, əsl İslam bu deyil, Quranda rəcm deyilən bir şey yoxdur” və s.
Elə bu gün də vəziyyət 86- cı ildən elə də fərqlənmir. Zorlanan bir qadının yubkasının qısalığı ölçülür. Qısa, açıq- saçıq geyinibsə, demək, elə günah özündə olub, kişiyə şarait yaradıb. Gecə vaxtı hansısa qadına sataşıblarsa, yenə də “gecə vaxtı onun çöldə nə işinin olması” məsələ olur. Bu gün namus üstündə neçə-neçə qadın öldürülür. Hər bir halda qadın günahkar, kişi isə haqlıdır. “Namus keşikçiləri”nin həmişə daşlamağa bir Sürəyyası olur.
“Olmayın riyakarlıq edənlərdən-
Bir yandan Quranı yüksək səslə oxuyarkən

Digər yandan əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən” Hafizin filmdə deyilən bu sözləri elə bu günümüzlə də ayaqlaşır..

21 Ekim 2013 Pazartesi

Zülfü Livanelinin "Mutluluk"u

Oktyabrın növbəti kitabı da Zülfü Livanelinin “Mutluluk”u oldu. Zülfü Livanelinin mahnıları bir çox dinləyicinin könlünə yol tapıb. Elə təkcə “Güneş topla benim için” mahnısı bir çoxlarının sevimlisi olub. Onun yazıçılıq istedadını bu il öyrənmiş oldum. Araşdırdığımda məlum oldu ki, yazıçı Türkiyədə sevilərək oxunur. Zülfü Livanelini “Serenad” əsəri ilə oxumaq istəyirdim, amma qarşıma “Mutluluk” çıxdı, mən də onu geri qaytarsam, mutluluk məndən üz döndərər deyə düşündüm ))
Kitabı bəyəndim. Yazıçının axıcı dili, dəst- xətti, hekayəçiliyi var. Oxucunu intizarda, maraqda saxlaya bilir. Yazıçı kitabda Türkiyəni əsrlərdir, elə bu gün də narahat edən problemlərdən bəhs edir, çirkinliklərin  fərqinə vardırır, düşündürür.
Roman təkcə maddi sıxıntısı olan, adət-ənənə, namus basqıları altında qalıb, yarı-yarımçıq qalan insanların deyil, həyatda yaxşı mövqe tutmuş, yaxşı işi, ailəsi, həsəd aparılacaq çevrəsi, yaşamı olanların da əskikliklərini anladır.

10 Ekim 2013 Perşembe

Oktyabr qoxulu kitab- "Bu işte bir yalnızlık var"

  Adətən, oxuduğum kitabları diqqətlə seçirəm. Bu kitab mənə nə qazandıracaq, nə öyrədəcək deyə çox çək-çevir edirəm. Hansısa kitabı oxuyandan sonra vaxt itkisi olduğunu düşünəndə əsəbiləşirəm, heç cürə özümü bağışlaya bilmirəm. İndi isə bu soyuq oktyabr günlərində vaxtım gen-bol olduğuna görə vaxt itkisini filanı düşünmürəm. Çoxdandı adı ilə tanış olduğum Tuna Kiremitçinin “Bu işte bir yalnızlık var” kitabını oxumağa başlayıram.

6 Ekim 2013 Pazar

Bir gecənin pleylisti :)

Gecə uzun, dinləyəcək çox mahnı var. Payizin hüznü də bir az çökübsə üstünə, bir az darıxmaq havasındasansa mahnıların işi yaman qəlizdi :) sənə təsəlli verməli, doyurmalı, lazım gəlsə, bezdirməlidir də. Bir  oktyabr gecəsinin bir neçə mahnısını paylaşıram. Bir yaz günü, yaxud yayda balkonda oturub "dinləməyə hardan başlasam" deyə özümə sual versəm, bəlkə bunu xatırlayıb dinləyəcəyəm. Bu gecədən sonra isə bu mahnıları təsadüflər xaric, dinləməməyə çalışacağam. Qoy bir az darıxım onlar üçün :)

"Bir axşam taksidən düşüb payıza"...


Rəssam Leonid Afremov
Payız da gəldi buralara: bir az kədərli, bir az həzin, daha çox soyuq..Sanki illərdir payız olmayıb,bax o həvəslə gəlib payız. Fəsillərin də ayağı sürüşkən olub, biri digərinin ayağını tapdayır, biri o birinin yerinə keçmək istəyir, sərhədlərini pozur. Sanki oktyabr dekabrla müqavilə bağlayıb belə soyuq olacağına dair..
 Payız niyə ayrılıq fəsli kimi xatırlanır, bilmirəm. Amma payız sevgi fəsli olmalıdır, insanlar daha çox qucaqlamalıdır bir-birini. Bəlkə elə payızın, qışın soyuğu buna görədir? Biz sevdiklərimizə daha çox sarılaq deyə..

5 Ekim 2013 Cumartesi

"Agora" filmi və tarixdə ilk qadın filosof

 Aleksandro Amenabarın “Aqora” filmi bizə İsgəndəriyyə kitabxanasında yaşamış, tarixə adını filosof, riyaziyyatçı, astronom kimi yazdıran gözəl qadın Hipatiyanın hekayəsini anladır.