23 Ekim 2013 Çarşamba

Sürəyyaya və İslama atılan daş


“Sürəyyanı daşlamaq”(The stoning of Soraya M.) Bu filmə aylar öncə baxıb göz yaşlarımı saxlaya bilməmişdim, ağladıqca ağlamışdım. Ən son Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini oxuduğumda bütün qadınlar adına ağlamışdım. Onların çətinlikləri, məruz qaldıqları işgəncələr, haqsızlıqlara rəğmən səslərini içində boğmalarına ağlamışdım. Qadın olmaq çətindir.. Bu şablon cümləni qurmalı oluram.

 Film həqiqətən olmuş bir əhvalata söykənir. Keçmiş İran səfirinin oğlu Freidoune Sahebjam Fransada yaşayan jurnalistdir. Bir gün İran kəndlərinin birində maşını xarab olanda Sürəyyanın qohumu Zəhra onu bir yolla evinə dəvət edir. “Qadınların səsi burda dəyərsizdir. Səsimi özünlə birgə aparmağını istəyirəm” deyib kənddə baş verən tükürpədici hadisəni danışmağa başlayır..” The Stoning of Soraya M. “adlı gerçək əhvalat kitab şəklində 1994- cü ildə oxucuların ixtiyarına veriləndə qısa zamanda bestseller olur. 2009- cu ildə isə kitab ABŞ-da İran əsilli rejissor Cyrus Nowrasteh tərəfindən ssenariləşdirilir.

 1986- cı il. İranda Ayətullah Xomeyni dövrü. Qadınlar mal kimi alınıb-satılır, döyülür, olmazın işgəncələrə məruz qalır. Mollalar şəriət və din pərdəsi adı altında qadınları hər cür qadağalarla qıfıllayıb. Sürəyyanın ərinin 14 yaşlı bir qıza gözü düşür və onunla evlənmək istəyir. Şəriət bunu, düzdür, qadağan etmir, amma əri ailə qayğılarından ( 2 oğlunu özü ilə götürüb, qızları və Sürəyyanı başından etmək istəyir) xilas olmaq niyyətindədir. Buna görə də bir yolu qalır, o da Sürəyyanı şərləyib onu zina etməkdə günahlandırmaq. Həmin vaxt kənd sakinlərindən birinin arvadı rəhmətə gedir, Sürəyya ona və balaca oğluna pul qarşılığında qulluq etməyə başlayır. Sürəyyanı necə olur- olsun ortadan qaldırmağı planlayan əri üçün bu göydəndüşmə fürsət olur. Zina edən bir qadının cəzası isə rəcm, yəni daş-qalaq olunmaqdır. . Ən ağrıdıcı isə Sürəyyanın atasının və 2 oğlunun daşına hədəf olması olur. Bir ana üçün ən ağırı, ölümdən də betəri budur elə. Beləcə, bütün kənd yığışıb Sürəyyanı “Allahın əmri ilə” daş-qalaq edir. Kənd əhli rəcmin uğurlu keçməsinə görə bir-birini təbrik edib “Allah razı olsun” deyir və gecə bu münasibətlə şənliklər başlanır. Sürəyyanın parçalanmış cəsədini isə itlərə yem edirlər. Gecə yarısı Zəhra sümüklərini yığıb basdırır. Amma ona söz verdiyi kimi, hekayəsini, kiçik kəndin böyük cinayətini bütün dünyaya bəyan edir..
 Təəssüf ki, bu gün belə  Səudiyyə Ərəbistan, Pakistan, Əfqanıstan kimi ölkələrdə rəcm həyata keçirilir. Sürəyya döyülüb öldürülən, incidilən, haqsızlıqlara məruz qalan, azadlıqları buxovlanmış, susdurulmuş, gün görməyən qadınların bir növ simvoludur.
 İnsanlar tarixən vəhşiliklərini, amansızlıqlarını həyasızlıqla din adına yazıb onu da ləkələyiblər. Və filmi izləyənlərdə iki qütblü fikirlər formalaşa bilər: ” İslam elə budur”, “Yox, əsl İslam bu deyil, Quranda rəcm deyilən bir şey yoxdur” və s.
 Elə bu gün də vəziyyət 86- cı ildən elə də fərqlənmir. Zorlanan bir qadının yubkasının qısalığı ölçülür. Qısa, açıq- saçıq geyinibsə, demək, kişini təşviq edib, ona şarait yaradıb. Gecə vaxtı hansısa qadına sataşıblarsa, yenə də “gecə vaxtı onun çöldə nə işinin olması” məsələ olur. Bu gün namus üstündə neçə-neçə qadın öldürülür. Hər bir halda qadın günahkar, kişi isə haqlıdır. “Namus keşikçiləri”nin həmişə daşlamağa bir Sürəyyası olur..
 Filmə baxıb İran qadınlarının bu gününü təsəvvür edib üzülənlər də olacaq. Amma heç də İranda saçı azca görünən kimi şallaqlanan, dodaq boyasına görə asılanlar və s. yoxdur. Qadınlar maşın sürür, istənilən sahədə işləyə, azad təhsil alıb oğlan dostları ilə deyib-gülə, gəzməyə çıxa bilir. Hətta ürəyiniz bir az rahatlasın deyə deyim ki, qaşlarını tatu etdirib ayaqlarının bir-birinin üstünə də qoya bilirlər. Ağlanacaq durumda deyillər.Hətta bizim qadınlardan dəfələrlə artıq cəmiyyətdə, ailələrində kişilər tərəfindən diqqət, hörmət görürlər. Biz onları düşünməkdənsə, erkən yaşda məcburən ərə verilən, dağ kəndlərində məktəb üzü görməyən, sabahın oxuyub- yazma bilməyən analarının halına acıyaq bir az da..
“Olmayın riyakarlıq edənlərdən-
Bir yandan Quranı yüksək səslə oxuyarkən
Digər yandan əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən” Hafizdən sitat gətirilən bu sözlər günümüzlə də ayaqlaşır..




Hiç yorum yok:

Yorum Gönder