5 Ekim 2013 Cumartesi

"Agora" filmi və tarixdə ilk qadın filosof

 Aleksandro Amenabarın “Aqora” filmi bizə İsgəndəriyyə kitabxanasında yaşamış, tarixə adını filosof, riyaziyyatçı, astronom kimi yazdıran gözəl qadın Hipatiyanın hekayəsini anladır.

  Təxminən 300- cü illərdə indiki Misir ərazisində yerləşən kitabxanası ilə məşhur İsgəndəriyyə paqanlar (bütpərəstlər), yəhudi və yeni yayılmaqda olan xristianların mübarizə meydanına çevrilmişdi. Xristianlıq artıq İsgəndəriyyədə rəsmi din səviyyəsinə gəlib çatmışdı. Hər ötən gün sayları artmaqda olan xristianlar paqan və yəhudilərlə qatı mübarizə aparmaqda idi.
  Hipatiya (370- 415) dövrünün tanınmış riyaziyyatçı və filosofu Teonun qızıdı. Teo İsgəndəriyyə universitetində riyaziyyatdan dərs verir və qızının təhsili ilə özü yaxından maraqlanır. Onun anası haqqında isə  hər hansı məlumat dövrümüzədək gəlib çatmayıb. Afinada təhsil alan Hipatiya təxminən 400- cü ildə İsgəndəriyyəyə qayıdır və burada İsgəndəriyyə kitabxanasındakı Platon məktəbində dərs deməyə başlayır.Dövrünün ən gözəl qadınlarından biri olan Hipatiya yəhudi, xristian, bütpərəst, hətta kölə fərqi qoymadan bildiklərini şagirdlərinə öyrədir. Onun zövq aldığı yalnız budur. O, nə bütpərəstliyin ritualları ilə maraqlanır, nə yəhudiliyə, nə də yeni yaranan dinin cənnət və ilahi bağışlanma vədlərinə meyl edir. İnandığı yalnız fəlsəfədir. Amma orta əsrlərin qaranlıq təfəkkürü inancı yalnız elm olan bu qadına heç cür güzəştə gedə bilməzdi.
  Kirill İsgəndəriyyə yepiskopu olandan sonra bütpərəstlərə qarşı daha da qızğın mübarizə aparmağa başlayır. O vaxt şəhər başçısı Orestes Hipatiyanın tələbələrindən biri olur və məlumata görə, müəlliminə aşiq vali tez-tez onunla fikir mübadiləsi edirmiş. Kirill bir qadının nəyisə öyrətməsinə, xüsusilə, kişilərə bu yolla təsirinə qarşı çıxır və qadını səssizliyə, elmsizliyə məhkum etməklə bunu Tanrının əmri kimi qələmə verir. Təbii ki, bu şərtlər daxilində filosof qadın yalnız əl-ayağa dolaşırdı. Ona görə də Kiril dinsizliyini, kişilər üzərində təsirini, elmlə məşğul olub  “yerin günəş ərtafında fırlanması” ehtimalının müqəddəs kitaba təhqir olunmasını əsas tutub onu “cadugər” adlandırır. Hipatiya sonunu bilsə də, xristian olmağı rədd edir. O, Kirillin adamları tərəfindən daşlanıb öldürülür, tikələri yandırılır.  Elmin bir töhfəsi də beləcə məhv olur...
Hipatiyanın xəyali rəsmi
Reyçel Vaysın cazibədarlığı filmə bir ayrı rəng qatıb


  Dünyada ən çox insanlıq, mərhəmət, sülh kimi sözləri hallandıran dinlər olsa da, yenə eyni qaydada qan töküb insanları bir-birinin əli ilə qırdıran, müharibələrin səbəbkarı da olub. Film bir az da dinin elm qarşısına sədd çəkdiyi, əngəl olduğu qənaətinə vardırır insanı. Əsas məsələ odur ki, biz bir filosof, riyaziyyatçı qadını tanımış oluruq. Məncə, ” tarixdə filosof, riyaziyyatçı, yazıçı, astronom və s.qadın olmayıb və ya az olub” kimi fikirlərə bir nümunə ilə cavabdır bu film. Qatı mühafizəkar şərtlər daxilində qadınlar ayaqda dayanmağa çalışıb, mühit, kişilər,hətta dinlər qadınlara qarşı amansız cəbhədə dayanıb...
  Hipatiya tarixdə ilk qadın filosof və riyaziyyatçı kimi qəbul olunur. O, azad inancı, azadlığı, elmi müdafiə edən ilk qadındır həm də. Hipatiya “cadugər” adı ilə damğalanan qadın düşmənçiliyinin də ilk qurbanı olub. Bu ad isə yüz minlərlə adsız qurbanın- qadının təmsilçisidir..




Hiç yorum yok:

Yorum Gönder