28 Ocak 2013 Pazartesi

Bir "Sevgi" haqqında



 Ötən il Avstriyalı rejissor Mixael Hanekenin “Sevgi” filmi Kann kinofestivalının baş mükafatını aldı, Amerikada isə 2013-cü ilin əcnəbi dildə “ən yaxşı film” nominasiyasında Qızıl Qlobusa layiq görüldü.Və film 85- ci Oskar mükafatlarına əsas nominasiyalarda namizədlər siyahısındadı.
  Kannın qalib filminin adının “Amour” (Sevgi) olduğunu öyrənəndə nədənsə bu adda film mənə bəsit göründü.Ya da sevgi elə çoxunun “çeynədiyi”çeynənmiş ad idi deyə.Bilmirəm..Amma filmin necə olacağı çox maraqlı idi,dünya ondan danışırdı çünki...

Filmə baxanda ən çox bu haqda düşündüm: mənim bu qədər sevməyə  geniş ürəyim varmı?Tutaq ki, lap çox sevdim, bəs bu qədər qayğıkeş, sadiq ola bilərəmmi? Kiminsə qulluğunda durmaqdan savayı, xəstə, özündə olmayan, hətta altını batıran birinin qulluğunda hövsələylə durmaq üçün nə qədər böyük ürək tələb olunur?Bu suallar qorxutdu məni, əlimdən o qədəri gəlməz deyə...
  Film təqaüdçü keçmiş musiqi müəllimləri Anna və Jorj Loranların konsertdə olmaları ilə başlayır. Keçmiş şagirdləri və hazırda məşhur olan pianoçu Aleksandrın konsertidi. Evə gəlirlər və qocaların bir-birinə sevgisi davranışlarından belə hiss olunur.”Evlilik sevgini  öldürür”deyiminin üstündən yekə bir xətt çəkirsən bu “mənzərə” qarşısında.Annanın insult keçirib bədəninin yarısının iflic olması ilə qocaların dramı başlayır.Jorj yoldaşına söz verib: onu xəstəxanada yatırtmayacaq.Və beləliklə,özü onun qulluğunda dayanır.Anna ağrıdan zarıyır,əzab çəkir.Yerini batırdığına görə utanır,bunun əzabı da ağrılarının üstünə gəlir.Qızları Eva arabir gəlib baş çəkir,ağlayır və gedir.
Jorjun səbrlə Annaya uşaqlıq əhvalatlarını danışması və Annanın “bunu mənə heç vaxt danışmamısan” deməsi təsirlidi.Jorjun bu əhvalatları uydurduğu,sırf Anna sakitləşsin,çığırtıları səngisin,rahatlaşsın deyə danışdığı qənətinə varırsan..
  Bütün günü sevdiyin insanın dəhşətli çığırtılarını eşitməkdən də faciəvi bir şey var:onu öldürmək.Jorj Annanı yastıqla boğur,sevdiyinin daha çox əzab çəkməsinə icazə vermir.Ona ən gözəl paltarını geyindirir,ətrafını gül-çiçəklə bəzəyir.
  Finalda qoca Annanın mətbəxdən səsini eşidir.O,qabları yuyur və sağlamdı.İkisi geyinib evdən çıxırlar.Sən bilmirsən,Jorj Annanın xəyalı ilə gəzməyə çıxır,yoxsa elə ikisi də ruhdu.Bəlkə də Anna Jorju intihara aparır,beləcə,öz qisasını almış olur.Bilmək olmur..
Qocalar iş başında. Soldan sağa:Haneke,Riva və Trentinyan

  Rejissor  qeyd edir ki, ”bu filmi Jan Lui Trentinyan və İmmanuell Riva olmadan təsəvvür edə bilmirəm,onlara çox şey borcluyam”.Doğurdan da belədi.Əlbəttə, Haneke bizdən yaxşı bilər qiymətləndirməyi.
  Özü film haqqında belə deyir: “Həyatla imtahan bitmək bilmir. Qocalıq  sevgi anlayışımızın,daha doğrusu, insanlığımızın bəlkə də sonuncu imtahanıdır.Qocalığın gətirdiyi kamilləşmə,müdriklik bədənin çarəsizliyinə dərman ola bilərmi?!İnsan cismani olaraq çökəndə nə qədər qürurlu olur?!Mən bununla maraqlanıram.Özümü bu yaşda,70 yaşında daha ağıllanmış,müdrik hiss etmirəm...”
“Bu,ölüm haqqında bir film deyil.Sevdiyiniz biri gözünüzün önündə əzab çəkərkən həyatla necə mübarizə etməyi anlatmağa çalışdım,sevgi və bağlılığın mənasını axtardım.Qocalıqla bağlı çox film çəkilmir.Təəssüf ki,bu mövzuda filmlərin çox pul gətirməyəcəyi,tamaşaçı toplanmayacağı düşünülür,çəkilənlərin də  əksəriyyəti komediyadı.Həqiqətləri görmək istəmirlər,onlar palaz altına süpürülür”.
  Rejissor,Loranların yeganə övladı Eva haqqında da reportajlarında rəy bildirir.Tamaşaçıların bəlkə də əksəriyyətinin günahlandırdığı obrazı normal həyatını davam etdirməyə çalışan biri olaraq təyin edir: “Bəzi hadisələr nəticəsində ailə fərdləri bir-birlərindən ayrı düşə, uzaqlaşa bilərlər, bu normaldır.Bir cəmiyyət tənqidi etmə niyyətində deyiləm”.
  Rejissor filmi izləyənlərin bir çoxunun sevgi anlayışını sınaqdan keçirəcək.İndiyədək sevgiyə necə tərif veriridin?!Ümumiyyətlə,sevginin tərifi varmı,yoxsa onun haqqında danışmaq lazım deyil,elə adına müvafiq mücərrəddir?!
Film təsirli idi, sözsüz.Amma rejissor həddindən artıq sentimentallığa da qaçmayıb.Türkər demişkən” duyqu sömürüsü”etmək üçün heç cəhd də etməyib.İzləyicinin ağlamasını da kövrəlməsini də öz ixtiyarıda buraxıb.Rejissor ən çox düşündürə bilib..
 Sevgi yaşayarsa,qocalıqda özünün ən ali mərhələsinə varar,müdrikləşər..Sevgi ölümlə üzləşəndə,onun bir addımlığında çətin olmalıdı…Bir də səndən kiməsə mərhəmət,qayğıkeşlik göstərmək  tələb olunanda...

Hiç yorum yok:

Yorum Gönder