18 Ocak 2013 Cuma

Dünyanın bütün məsum uşaqlarına ithaf olunan film




Bəhman Qobadi
 "Tısbağalar da uçar" ("Turtles can fly") filmi.Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin rejissorluq etdiyi, gerçək əhvalata və insanlara köklənən hekayə.Filmə baxanda donub qalmışdım.Eyni anda o qədər çox şey hiss edirdim ki,hissiz olmuşdum.Və günlərlərlə o hisslər yavaş-yavaş aydınlanmağa başladı.Amma yenə də bəzi hisslər o qədər dərin olur ki,onları yazıya almaq çox çətin olur..
  Filmdəki hadisələr İraq-Türkiyə sərhəddində kiçik bir kənddə cərəyan edir.Böyükdən-kiçiyə hər kəs ABŞ-İraq müharibəsinin sonunu gözləyir.Filmin əsas qəhrəmanları uşaqlardı.Ata-analarını,yaxınlarını itirən bu kimsəsiz uşaqlar minalanmış sahələri təmizləyib pul qazanmaqla dolanırlar.Çoxu iş əsnasında şikəst olub.Hərənin də bir hekayəsi var,amma Agrinin hekayəsi tam başqadı.Ata-anasını elə gözləri önüdəcə öldürənlər bu 14 yaşlı qızcığaza təcavüz ediblər.Bəli,14 yaşlı bir ana obrazı..Kiçik kor balasından utanır,qəbul edə bilmir,”onsuz da mənim deyil, o bic uşaq nəyimə lazımdı?!” deyir hər dəfə qardaşına.14 yaşında uşaqlıqdan analığa məcburən keçirilən, zorlanan bu qızın taleyini yəqin ki, dünyada nə qədər uşaq yaşayıb.Amerika-İran müharibəsi yaxın keçmişdə olub.Təbii ki,KİV bizi müəyyən qədər məlumatlandırırdı. Nə qədər özümü müharibə qurbanlarının,TV-də gördüyüm yaxınlarını,doğmalarını,əlini,ayağını..itirən,ağrıdan qıvrılan insanların yerinə qoysam da müharibəni bütün dəhşətləri, ağırlığı ilə duya bilməmişdim.Amma film müharibə adını dəhşətləri ilə insanın damarına yeridir.
Rejissor kimisə ağlatmaq üçün sentimentallıq da etməyib.Hər şey olduğu və göründüyü kimidi..




  Hekayəsi danışılan başqa bir uşaq Uydudu.Kiçik çiyinlərdə böyük yük daşıyır.Kənddəki qocalara azdan-çoxdan bildiyi ingilis dilində xəbərləri tərcümə edir,minalı əraziləri təmizləyir,pul qazanır,silah bazarlığı edir və sairə.Kənddəki uşaqlar arasında lider sayılır.Agriyə aşiq olur.Amma qızın uşağını qardaşıymış zənn edir.Təbii,Agri yaşadığı travmaya görə hər kəsdən qaçır.Qolsuz qardaşına tez-tez yalvarır ki,getsinlər bu kənddən və gedərkən adını “bic”qoyduğu körpəsini atmaq,ondan qurtulmaq istəyir.
  Minalanmış sahədə Uydu da yaralanır.Bu əsnada artıq Səddam devrilib.Uydunun sadiq dostu Səddamın devrilən heykəlindən bir parça gətirir ona..
  Film uşaqlıqdan çıxıb belindəki yükü daşıya bilmədiyi üçün azadlığına qovuşmayan, amma ruhunu azadlığa qovuşduran Agrinin hekayəsinin “sonu” ilə sonlanır.



  Qobadi filmin adını“Tısbağalar da uçar”adlı qədim bir kürd əfsanəsindən götürüb.”Göl kənarında yaşayan quşlarla dostlaşan bir tısbağa onlar kimi qanad çalmaq,uçmaq arzusuna düşür.Bir gün gölün digər sahilinə keçməyi quşlardan xahiş edir.Amma özü də bilir ki,göyə qalxınca arzusu daha da şiddətlənər və ömrü boyunca davam edə bilər.beləliklə,quşlar bir budaq tapıb tısbağaya ondan yapışmasını deyirlər.Göyə qalxınca yüksəklikdən qorxan tısbağa həyəcanla bağırmaq istəyəndə aşağı-aid olduğu yerə düşür.Və beləcə yüksəklik üçün yaradılmadığını,quşlar kimi ola bilməyəcəyini anlayır”..
  Rejissor özü film haqqında belə deyir: “ Səddam devriləndən sonra “Songs Of My Motherland” filminin çəkilişləri üçün Bağdada getmişdim.Məqsədim “super güc” dövlətin ağır silahlarını İraqa göndərməsini simvolik olaraq sənət yönündən anlatmaq idi.Kiçik kamera ilə bir neçə həftə Bağdad və digər şəhərlərdə gördüklərimi lentə aldım.İrana dönəndən sonra İraqda məni sarsıdan gördüklərimdən bir film çəkməyə qərar verdim.Minalanmış sahələr,şikəst uşaqlar,yaxınlarını itirmiş insanlar,getdikcə artan narahatlıq...sanki müharibə yenidən başlamışdı..İraqda film çəkilişləri üçün icazəm 3 aya tamam oldu.Kiçik bir komandayla işə başladıq.Bütün dünya müharibənin bitdiyini xəbər verirdi.Mənsə baş rolda Buş, Səddam ya da başqa bir diktatorun olmadığı bir film çəkməyə başlamışdım.Müharibənin sonunda bu diktatorlar dünya ulduzuna çevrilmişdilər.Amma heç kim iraq xalqından bəhs etmirdi,onlara aid bir şəkil belə yox idi.Təkcə çoxlu mənasız görüntüdən başqa..”
  Filmə baxmadan və onun haqqında demək olar ki,heç bir məlumatım olmayanda rejissorun tək bir cümləsi “nə olursa –olsun bu filmə baxmalıyam “dedirtmişdi mənə:
  “Filmimi diktator və faşistlərin siyasətlərinə qurban gedən dünyanın bütün məsum uşaqlarınə ithaf etmək istəyirəm”...

 Musiqi adamı titrədir...












Hiç yorum yok:

Yorum Gönder