30 Aralık 2013 Pazartesi

Nə oxudum?

Çox sevdiyim yazıçı E.M.Remarkın növbəti bir kitabını da sevərək oxudum. Nədənsə, bu aralar, hər oxuduğumda, baxdığım filmlərdə yəhudi məsələsi qarşıma çıxır. Bu kitabın da mövzusu Remarkın əksər kitabları kimi yenə də müharibə idi- İkinci dünya müharibəsi. Yəhudi olduqlarına görə Almaniyadan qaçan, başqa ölkələrə sığınan qaçqınların həyatından bəhs edir. Yəhudi qaçqınlar başqa ölkələrdə də rahat ola bilmirlər. Çoxunun pasportu, iş izni olmadığına görə ya başqa ölkələrdə həbs olunur, ya da ölkədən xaric olunurlar. Kitab 1941- ci ildə”Liebe Deinen Nächsten” adı ilə ingilis dilinə çevrilib və ABŞ-da çap olunub.

28 Aralık 2013 Cumartesi

"Yaxşı bir film de, baxım"

Bəlkə bloqum kiminsə qarşısına çıxar və həmin adam da “yaxşı bir film de, baxım” havasında olar. Bu yazı ilə mən ona nəsə çatdıra bilsəm, oturub bu filmə baxar, vaxtı da film axtarmaqla keçməz) Cüzeppe Tornatorenin “1900-ün əfsanəsi” filmindən bəhs edirəm. Rejissor haqqında bir ip ucu verim: məşhur “Malena” və “Yeni kinoteatr “Paradiso”nu ərsəyə gətirən o möhtəşəm adam.

8 Aralık 2013 Pazar

Zülfü Livanelidən "Serenad". 60 illik sevgi, dənizdəki məzarlıq, krım türklərinin faciəsi

Son vaxtlar oxuduğum ən təsirli, maraqlı və hər kəsə tövsiyə edəcəyim bir  kitab da oldu: Zülfü Livanelinin “Serenad”ı. “Mutluluk” əsərindən sonra Zülfü Livanelini bir yazıçı kimi bəyənmişdim, bu kitab isə onu sevməmə səbəb oldu.İçimdə bir hiss var ki, yazıçının ən yaxşı əsəri elə budur. Amma Zülfü Livanelini oxumağa davam edəcəyəm.Sırada yəqin ki, “Kardeşimin hikayesi” olacaq.
Bu əsər həm ağlatdı məni, həm çox təsirləndirdi, üzümdə təbəssüm də yaratdı, bəzi qəhrəmanları qucaqlatdı da mənə. Amma ən əsası, tarixin tozlu rəflərinə qaldırılmış hadisələri öyrənməmə, yeni- yeni bilgilərlə tanış olmama imkan yaratdı. 484 səhifəlik bir kitabı 2 günə oxudum, amma təsiri çox- çox qalıcı olacaq.

4 Aralık 2013 Çarşamba

Tornatoreyə sevgilərlə.."Cinema Paradiso" filmi

Dünən gecə bu yaşımadək ən, ən, ən gözəl filmi izləmiş oldum : “Malena”, “1900-ün əfsanəsi” kimi əfsanə filmləri ərsəyə gətirmiş dünyaşöhrətli rejissor Cüzeppe Tornatorenin “Nuovo Cinema Paradiso” (Yeni kinoteatr Paradiso) filmi. 155 dəqiqəlik film, sanki, 4 fəsli yaşadır insana. O qədər səmimi, maraqlı, canayaxındır ki. Bir insanın bir ömrünü “yaşadır”  sənə, kövrəlirsən, gülürsən, ağlayırsan, sevinirsən, təsirlənirsən, düşünürsən və sairə.Film haqqında müsbət “sifətləri” çox yan-yana düzmək olar. Nə vaxtsa övladlarımla, ailəmlə bu filmə baxmağı xəyal edirəm. Və ölmədən öncə baxacağım ilk film bu olacaq. Əslində, həm hər kəsə məsləhət görmək istəyirəm, həm də yox. Çünki çox sevdiyim bu filmə qarşı qısqanclıq var məndə))

3 Aralık 2013 Salı

Erix Mariya Remark- Lissabonda bir gecə

Remarkın sadəcə 3 əsərini oxumağıma baxmayaraq, o mənim ən sevdiyim yazıçıdır. Bütün əsərlərini dalbadal oxumaq istərdim. Amma qorxuram ki, ondan sonra o, mənim üçün dəyərsiz ola, bezə bilərəm. Ona görə zamanla digərlərini də oxumağı düşünürəm. Remarkın “Zəfər tağı” əsərini məndən kitab məsləhəti alan hər kəsə tövsiyə etmişəm. Və indiyədək heç kəs “oxudum, amma maraqsız idi,bəyənmədim” kimi sözləri deməyib, əksinə çox tərifləyiblər. Remarkı karandaşsız oxumaq qeyri-mümkündür. Karandaşla altından xətt çəkilən cümlələrin ən çox olduğu yazıçılardan biri də Remarkdır. Bu karandaşla qeydlər belə kiçik bir kitaba bərabərdir. Nə isə, Remarkı tərifləyə-tərifləyə sabahlayaram burda)) Ona görə keçək karandaşla seçilən cümlələrə.Çoxdan oxuduğum kitabdır, qeydlərimi bloquma daşıdım.  

2 Aralık 2013 Pazartesi

Alexandra Cavelius "Leyla- bir bosniyalı qız"

Müharibəni əksər hallarda kişilər anladıb: filmlər çəkilib, əsərlər,məqalələr və s.yazılıb. Amma qadınların anlatdıqlarına daha çox qulaq vermək lazımdır. Məncə, müharibəni yaşamış bütün insanlar əzab çəkiblər, işgəncələr  görüblər. Amma müharibələr qadınlar üçün daha dəhşətli olub. Alexandra Caveliusun “Leyla” əsərini oxuduqdan sonra buna bir daha əmin oldum.Yazımın başlanğıcında deyirəm ki, əsəri oxuyun, bir qadının gözündə müharibənin dəhşətlərini, görünən və görünməyən tərəflərini görün.Birnəfəsə oxuduğum, ürəyimin parçalandığı, insan oğlunun içində necə bir canavarın olduğunu göstərən, müharibəyə bütün hallarda “yox” dedirdən, onun fəlakətlərini,bu gününü və sabahını göstərən, insanların, xüsusilə, qadınların müharibədəki çətinliklərini və ondan sonrakı travmasını göstərən bir kitab.

29 Kasım 2013 Cuma

Çarlz Dikkens "Böyük ümidlər"


Çarlz Dikkensin “Böyük ümidlər” əsərinin təsirindən çıxmamış onun haqqında yazmağa başladım.”Oliver Tvist” Dikkensi uşaqlıqdan bir çoxlarına tanıdıb, sevdirib. Dikkensin belə bir əsəri olduğunu yaxın 1 neçə ildə bildim və bir xeyli axtarmalı oldum. Bəlkə kitabxanalarda taparam deyə çox axtardım, amma çifayda. Deyəsən, “Böyük ümidlər” tam şəkildə dilimizə çevrilməyib, amma rus və türk dillərində satışda asanlıqla tapa bilərsiniz. Təəssüf ki, dilimizə çevrilməyib. Hərçənd çox təəccüblüdür, çünki bu əsər klassikadır, həm də Dikkensin ən çox bəyənilən, sevilən əsəri olub.Bütün zamanların 10 ən yaxşı yazıçısı içində adı keçən Çarlz Dikkensin “Böyük ümidlər”i XIX əsrin 10 ən böyük əsəri siyahısındadır.

26 Kasım 2013 Salı

Nazim Hikmətin və Canan Tanın Pirayesi

 Bu günlərdə oxuduğum kitab Canan Tanın “Piraye” kitabı oldu. Canan Tanın dəst-xəttinə “Eroinle dansromanından bələd idim. Bu kitab da su kimi axıb getdi, 2 günə oxundu. Əslində, “Piraye”ni mənə oxudan Nazim Hikmət oldu. Daha doğrusu, Mavi gözlü devin sevgisi, bir çox dillər əzbəri olan, ürəkləri fəth edən sevgi şeirlərinin ünvanı, həyat yoldaşı Piraye oldu. Nazim Hikmətin şeirləri qədər sevgiləri də ölümsüzdür.

19 Kasım 2013 Salı

Amin Maaluf- Səmərqənd. Səmərqənddən Titanikədək olan tarix.


Maraqla oxuduğum və bitməsini heç istəmədiyim növbəti bir kitabı da tamamladım. Əslən livanlı olan fransız yazıçısı Amin Maalufun “Səmərqənd” kitabı. Amin Maalufun 1983- cü ildə çap olunan ilk əsəri “"Ərəblərin gözüylə xaç yürüşləri" onun dünyada tanınmasına gətirib çıxarıb. Yazıçının klassikaya çevrilən ikinci kitabı və ilk romanı “Afrikalı Leo” isə "Fransız - Ərəb Dostluq Mükafatı"na layiq görülüb. Ona ən böyük şöhrəti isə 1988- ci ildə nəşr etdirdiyi ikinci romanı “Səmərqənd” gətirib. Tarixi romanlar yazarı kimi tanınan Amin Maaluf hazırda Parisdə yaşayır.
Əsər 1072- ci ildə Xəyyamın Səmərqənd hekayəsilə başlayır və 1912- ci ildə Atlantik okeanında- Titanikdə sonlanır.
Titanikdə “Rübailər”. Şərq çiçəyi Qərb baxçasında. Ey Xəyyam, kaş ki, yaşadığımız bu gözəl anları görə bilsəydin”.

Ölmədən öncə

“Başqa bir gün üçün həyatdayıq.”
“Buddistlər həyata yenidən gələcəklərinə inanırlar. Daha yüksək və ya aşağı səviyyədə həyata gəlməyin əvvəlki həyatını necə yaşadığına bağlıdı.”

Həmişə öz-özümə sual vermişəm: həyatımın sona çatdığına bir neçə ay qalsaydı, nə edərdim? Konkret bir cavab verə bilməmişəm. 
“Достучаться до небес”   
(Knockin' on Heaven's Door) filmində həyatlarının son günlərini yaşayan 2 gənc heç vaxt görmədiyi dənizə getmək istəyir və bunun üçün müalicəni yarıda saxlayır, üstəlik, bir maşın da oğurlayıb istəklərinə nail olurlar. Bax, bu əsl cəsarətdir. Onsuz da öləcəksən, heç olmasa, son nəfəsində istədiklərini et. 

9 Kasım 2013 Cumartesi

İllər sonra tapdığım mahnı


Təxminən 5-6 il öncə bu mahnını radioda dinləmişdim. O vaxt hər gecə radio mahnıları ilə yuxuya gedirdim. Ən çox ictimai radionu dinləyirdim.Bu mahnının da lap sonlarını dinləmə fürsətim olmuşdum. Bircə gönül sözü yadımda qalmışdı, mahnı o qədər tutmuşdu ki məni. Nə mahnının adını, nə kimin oxuduğunu bilirdim. O vaxt da internet istifadəçisi, demək olar ki, deyildim. Ona görə bir az ondan-bundan soruşdum, maraqlandım, heç kəs bilməyincə unudulub getdi mahnı. Üstündən 3 ildən çox bir müddət keçdi və bu mahnını təsadüfən facebookdakı bir səhifədən tapdım. O vaxt necə sevinmişdim, hətta gözlərim də dolmuşdu. Dalbadal dinlədim acgözlüklə. Bu mahnı mənim üçün çox-çox doğmadır ona görə. İllər sonra təsadüfən qarşıma çıxması, sanki, illərdir itirdiyim çox əzizimi, doğmamı tapmağım kimi idi. Dinlədikcə qucaqlayırdım, bağrıma basırdım onu.. Ona görə heç kim bu mahnını məndən çox sevdiyini israr etməsin :) 


Ramiz Rövşəndən seçmələr

Çox sevdiyim şair Ramiz Rövşənin "Nəfəs" kitabını ara-sıra oxuyuram.Şeirə ac olduğum vaxtlarda, sentimentallaşdığımda :) Zövq verir adama..Kitabdakı şeirlərin hərəsindən bir və ya bir neçə misra götürüb yeni şeir düzəltdim :) Şairin əksər şeirlərində "dünya" sözü keçir. Elə mən də o sözün "qulpundan" yapışdım ))

Bu dünya yem bilir məni
Yer üzü gəmirir məni
Dözmək olmur, bıçaq kimi
dünya gözə dirənəndə.
Daha balta kəsməz ağlım kəsəni
dünyanın dadını bilirəm daha.
Beşiyindən qəbrinəcən
bu dünyada sən adlanan nə varsa,
sıxılar,yığılar bir adama
Onda bilərsən ki, bu dünya nədi,
acıdı, dadlıdı, onda bilərsən.
...Bu dünyada Allah deyilənin də
Boyu bir addımdı onda bilərsən.
Bir addımın qabağında diz çöküb
hönkür –hönkür ağlayarsan, ölərsən…
Bu dünyanın üzünə örtüldüm qapı kimi.
Dünyada çox şeyə əlim çatmadı,
dərdin yekəsindən yapışa bildim.
Bir dərdim qalmadı özümdən yekə,
bütün dərdlərimdən mən yekə oldum.
nyanın yolları qırıldı birdən
birdən ürəyimin dibi göründü..
Məni yedirtməkdən yoruldu dünya
Çörəyi yoruldu, suyu yoruldu...
Bu dünyanın göyündən-
         yerindən də küsmüşəm...
Daha mənə bu dünyada
Nə qaldı ölümdən əziz?...
...əlin heç nəyə çatmayanda
bu dünyadan özünü dər.
Ruhum dur yığış gedirik
Sən yuxarı mən aşağı..
mənim bu dünyayla bir alverim var
hamı öz ömrünü alıb-verəcək
hamı alverdədi,kim tacir deyil?
hamı günahkardı dünyada amma
dünyada heç kəsin günahı yoxdu…
…Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağımış…
Haçansa keyfinin xoş saatında,
Ilahi, təzədən yadına düşsəm,
Ilahi, təzədən calasan məni
 dünyanın ən gözəl güzgüsü ollam
təzədən dünyaya yollasan məni,
bu adam olmaram, özgəsi ollam..
bu dünyada biz hərəmiz
bir günahın yiyəsiyik
mən gedirəm cəhənnəmə,
ilahi, mənsiz oyna..
dünya, səndən doydum daha
get acları doyuzdur…
...Getdim o dünyaya dəydim qayıtdım
Öldür məni , ölməyə gücüm çatmır,
gücüm çatmır bu dünyadan getməyə..

Ramiz Rövşənin əksər şeirləri dillər əzbəri olub, əksər misraları əzbər bilinir. Şeirləri içərisində az-az rastanan, bəlkə də hələ oxunmamış misraları seçdim:

Qəlbimdəki səbirdən,
 Dözümdən yıxılıram.
Gözümdən yıxıldım, Allah,
Gözüm yaşından yıxıldım.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Dar günümə saxlamağa,
Qısılıb ağlamağa
Içimdə salamat yer qalmadı.
Ağlanmayan dərd də var,
Göz yaşından yuxarı.
Bu ögey şəhərdə bütün daşlara,
Bütün ağaclara doğmalaşaram.
Ürəyim həmişə əyində gəzən
Nimdaş paltar kimi süzülüb tamam.
Təkcə gücsüzlüyündən yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
Içindən yıxılır adam.







6 Kasım 2013 Çarşamba

Oxuyur: kişi səsli qadın :)


Kişi səsli qadın. Səsi cinsiyyətinə əks olan əfsanə musiqiçi.. Bu mahnı sözlərinə zidd olsa da, adamı ölüm döşəyindən qaldıracaq gücə sahibdir. Xəstə yatağında yatsan, bu mahnını dinləyəndə elə ordaca oynamaq istəyi yaradar adamda. Keyfinin ən pis vaxtında belə əhvalına rəng qatar..

"Camaat nə deyər?" fobiyası

 Biz həyatımız boyu el sözü, qonşu, qohum, tanış sözünü öz arzularımızdan, istəklərimizdən daha yuxarı başa qoymuşuq. O sözlərlə oturub- durmuşuq. Heç cürə özümüzü, öz həyatımızı yaşaya bilməmişik. “El sözü” bir məhbəs olub bizim üçün. Bu sözlərə  həbs olmuşuq, onu aşacaq cəsarəti özümüzdə tapa bilməmişik. “Camaat nə deyər?” qanımızı gənə kimi sorub, bizi öz boyumuzdan qat-qat uca divarlar arxasına sürükləyib.

27 Ekim 2013 Pazar

“Anası savadsız olan xalq kordur”

Yazımı böyük xeyriyyəçi H.Z. Tağıyevin sözü ilə başlamaq istəyirəm: “Anası savadsız olan xalq kordur”. Bəli, xeyriyyəçi millətin, cəmiyyətin tərəqqisində, ailədə qadının rolunu düzgün qiymətləndirmiş, eləcə də, bu zərif çiyinlər üzərinə düşən böyük yükə də işarə etmişdir.
Savadlı qadın yaxşı tərbiyəçi, yaxşı valideyn, yaxşı həyat yoldaşı, yaxşı aşpaz, yaxşı iş qadını və s. ola bilər. Amma nədənsə, bir çox valideynlər sənətə yiyələnmələri, təhsil almaları, iş tapmalarında və s. kimi məsələlərdə oğlan övladlarını irəli çəkir, qız uşaqlarını ikinci planda saxlayırlar.

23 Ekim 2013 Çarşamba

Günəşi gördüm


Bu həyatda mütləq ediləcək şeylərdən biri də günəşin doğuşunu dənizdən seyr etməkdir. Nə bilim, deyirlər ha, ölmədən öncə edilən, on, yüz, iki yüz və s. şey. Bax, onlardan biridir bu. Siyahının başında durmalıdır. Yaşadığın müddətdə də ən az bircə dəfə olmalıdır.. Sevdiyinlə birgə seyr edəsən dünya gözü ilə. Bu, təkcə romantika deyil, həm də ümiddir.. Yeni sabahlar üçün yaşamaq istəyi, hər şeyin daha gözəl olma ümidi..

Sürəyyaya və İslama atılan daş


“Sürəyyanı daşlamaq”(The stoning of Soraya M.) Bu filmə aylar öncə baxıb göz yaşlarımı saxlaya bilməmişdim, ağladıqca ağlamışdım. Ən son Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini oxuduğumda bütün qadınlar adına ağlamışdım. Onların çətinlikləri, məruz qaldıqları işgəncələr, haqsızlıqlara rəğmən səslərini içində boğmalarına ağlamışdım. Qadın olmaq çətindir.. Bu şablon cümləni qurmalı oluram.
Sürəyyaya və İslama atılan daş
“Sürəyyanı daşlamaq”. Bu filmə aylar öncə baxıb göz yaşlarımı saxlaya bilməmişdim, ağladıqca ağlamışdım. Ən son Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini oxuduğumda bütün qadınlar adına ağlamışdım. Onların çətinlikləri, məruz qaldıqları işgəncələr, haqsızlıqlara rəğmən səslərini içində boğmalarına ağlamışdım. Qadın olmaq çətindir.. Bu şablon cümləni qurmalı oluram.
Film həqiqətən olmuş bir əhvalata söykənir. Keçmiş iran səfirinin oğlu Freidoune Sahebjam Fransada yaşayan jurnalistdir. Bir gün İran kəndlərinin birində maşını xarab olanda Sürəyyanın qohumu Zəhra onu bir yolla evinə dəvət edir. “Qadınların səsi burda dəyərsizdir. Səsimi özünlə birgə aparmağını istəyirəm” deyib kənddə baş verən tükürpədici hadisəni danışmağa başlayır..” The Stoning of Soraya M. “adlı gerçək əhvalat kitab şəklində 1994- cü ildə oxucuların ixtiyarına veriləndə qısa zamanda bestseller olur. 2009- cu ildə isə kitab ABŞ-da İran əsilli rejissor Cyrus Nowrasteh tərəfindən ssenariləşdirilir.
1986- cı il. İranda Ayətullah Xomeyni dövrü. Qadınlar mal kimi alınıb-satılır, döyülür, olmazın işgəncələrə məruz qalır. Mollalar şəriət və din pərdəsi adı altında qadınları hər cür qadağalarla qıfıllayıb. Sürəyyanın ərinin 14 yaşlı bir qıza gözü düşür və onunla evlənmək istəyir. Şəriət bunu, düzdür, qadağan etmir, amma əri ailə qayğılarından ( 2 oğlunu özü ilə götürüb, qızları və Sürəyyanı başından etmək istəyir) xilas olmaq niyyətindədir. Buna görə də bir yolu qalır, o da Sürəyyanı şərləyib onu zina etməkdə günahlandırmaq. Həmin vaxt kənd sakinlərindən birinin arvadı rəhmətə gedir və balaca uşağı və ərinə pul qarşılığında Sürəyya qulluq etməyə başlayır. Sürəyyanı necə olur- olsun ortadan qaldırmağı planlayan əri üçün bu göydəndüşmə fürsət olur. Zina edən bir qadının cəzası isə rəcm, yəni daş-qalaq olunmaqdır. . Ən ağrıdıcı isə Sürəyyanın atasının və 2 oğlunun daşına hədəf olması olur. Bir ana üçün ən ağırı,ölümdən də betəri budur elə. Beləcə, bütün kənd yığışıb Sürəyyanı “Allahın əmri ilə” daş-qalaq edir. Kənd əhli rəcmin uğurlu keçməsinə görə bir-birini təbrik edib “Allah razı olsun” deyir və gecə bu münasibətlə şənlikləri başlanır. Sürəyyanın parçalanmış cəsədini isə itlərə yem edirlər. Gecə yarısı Zəhra sümüklərini yığıb basdırır. Amma ona söz verdiyi kimi, hekayəsini, kiçik kəndin böyük cinayətini bütün dünyaya bəyan edir..
Sürəyya filmdə günahkar olsaydı belə, bu cür cəzanın tətbiqi yenə də insanlıqdan kənar olardı. Heç bir səbəb bir insanı bu cür vəhşiliklə öldürməyə rəvac vermir, verməməlidir. Amma çox təəssüf ki, bu gün belə  Səudiyyə Ərəbistan, Pakistan, Əfqanıstan kimi ölkələrdə rəcm həyata keçirilir. Sürəyya döyülüb öldürülən, incidilən, haqsızlıqlara məruz qalan, azadlıqları buxovlanmış, susdurulmuş, gün görməyən qadınların bir növ simvoludur.
İnsanlar tarixən vəhşiliklərini, amansızlıqlarını həyasızlıqla din adına yazıb onu da ləkələyiblər. Və filmi izləyənlərdə ikili fikir formalaşa bilər:” İslam elə budur”, “Yox, əsl İslam bu deyil, Quranda rəcm deyilən bir şey yoxdur” və s.
Elə bu gün də vəziyyət 86- cı ildən elə də fərqlənmir. Zorlanan bir qadının yubkasının qısalığı ölçülür. Qısa, açıq- saçıq geyinibsə, demək, elə günah özündə olub, kişiyə şarait yaradıb. Gecə vaxtı hansısa qadına sataşıblarsa, yenə də “gecə vaxtı onun çöldə nə işinin olması” məsələ olur. Bu gün namus üstündə neçə-neçə qadın öldürülür. Hər bir halda qadın günahkar, kişi isə haqlıdır. “Namus keşikçiləri”nin həmişə daşlamağa bir Sürəyyası olur.
“Olmayın riyakarlıq edənlərdən-
Bir yandan Quranı yüksək səslə oxuyarkən

Digər yandan əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən” Hafizin filmdə deyilən bu sözləri elə bu günümüzlə də ayaqlaşır..

21 Ekim 2013 Pazartesi

Zülfü Livanelinin "Mutluluk"u

Oktyabrın növbəti kitabı da Zülfü Livanelinin “Mutluluk”u oldu. Zülfü Livanelinin mahnıları bir çox dinləyicinin könlünə yol tapıb. Elə təkcə “Güneş topla benim için” mahnısı bir çoxlarının sevimlisi olub. Onun yazıçılıq istedadını bu il öyrənmiş oldum. Araşdırdığımda məlum oldu ki, yazıçı Türkiyədə sevilərək oxunur. Zülfü Livanelini “Serenad” əsəri ilə oxumaq istəyirdim, amma qarşıma “Mutluluk” çıxdı, mən də onu geri qaytarsam, mutluluk məndən üz döndərər deyə düşündüm ))
Kitabı bəyəndim. Yazıçının axıcı dili, dəst- xətti, hekayəçiliyi var. Oxucunu intizarda, maraqda saxlaya bilir. Yazıçı kitabda Türkiyəni əsrlərdir, elə bu gün də narahat edən problemlərdən bəhs edir, çirkinliklərin  fərqinə vardırır, düşündürür.
Roman təkcə maddi sıxıntısı olan, adət-ənənə, namus basqıları altında qalıb, yarı-yarımçıq qalan insanların deyil, həyatda yaxşı mövqe tutmuş, yaxşı işi, ailəsi, həsəd aparılacaq çevrəsi, yaşamı olanların da əskikliklərini anladır.

10 Ekim 2013 Perşembe

Oktyabr qoxulu kitab- "Bu işte bir yalnızlık var"

  Adətən, oxuduğum kitabları diqqətlə seçirəm. Bu kitab mənə nə qazandıracaq, nə öyrədəcək deyə çox çək-çevir edirəm. Hansısa kitabı oxuyandan sonra vaxt itkisi olduğunu düşünəndə əsəbiləşirəm, heç cürə özümü bağışlaya bilmirəm. İndi isə bu soyuq oktyabr günlərində vaxtım gen-bol olduğuna görə vaxt itkisini filanı düşünmürəm. Çoxdandı adı ilə tanış olduğum Tuna Kiremitçinin “Bu işte bir yalnızlık var” kitabını oxumağa başlayıram.

6 Ekim 2013 Pazar

Bir gecənin pleylisti :)

Gecə uzun, dinləyəcək çox mahnı var. Payizin hüznü də bir az çökübsə üstünə, bir az darıxmaq havasındasansa mahnıların işi yaman qəlizdi :) sənə təsəlli verməli, doyurmalı, lazım gəlsə, bezdirməlidir də. Bir  oktyabr gecəsinin bir neçə mahnısını paylaşıram. Bir yaz günü, yaxud yayda balkonda oturub "dinləməyə hardan başlasam" deyə özümə sual versəm, bəlkə bunu xatırlayıb dinləyəcəyəm. Bu gecədən sonra isə bu mahnıları təsadüflər xaric, dinləməməyə çalışacağam. Qoy bir az darıxım onlar üçün :)

"Bir axşam taksidən düşüb payıza"...


Rəssam Leonid Afremov
Payız da gəldi buralara: bir az kədərli, bir az həzin, daha çox soyuq..Sanki illərdir payız olmayıb,bax o həvəslə gəlib payız. Fəsillərin də ayağı sürüşkən olub, biri digərinin ayağını tapdayır, biri o birinin yerinə keçmək istəyir, sərhədlərini pozur. Sanki oktyabr dekabrla müqavilə bağlayıb belə soyuq olacağına dair..
 Payız niyə ayrılıq fəsli kimi xatırlanır, bilmirəm. Amma payız sevgi fəsli olmalıdır, insanlar daha çox qucaqlamalıdır bir-birini. Bəlkə elə payızın, qışın soyuğu buna görədir? Biz sevdiklərimizə daha çox sarılaq deyə..

5 Ekim 2013 Cumartesi

"Agora" filmi və tarixdə ilk qadın filosof

 Aleksandro Amenabarın “Aqora” filmi bizə İsgəndəriyyə kitabxanasında yaşamış, tarixə adını filosof, riyaziyyatçı, astronom kimi yazdıran gözəl qadın Hipatiyanın hekayəsini anladır.

26 Eylül 2013 Perşembe

"Yalnızlıq paylaşılmaz"

 Bəzi insanlar yalnızlıqlarını hər cür zir-zibillə, tör-töküntü ilə pozmağa hazırdırlar. Təki həyatlarında biri olsun, təki onlar dostlarına, rəfiqələrinə “hə,mənim də sevgilim var” deyə bilsinlər. Amma yalnızlıq hər cür zibillə doldurulmağa layiq deyil axı. İnsan yalnızlığını uca tutmalıdır. İnsan özü üçün dəyərli olmalıdır ilk növbədə, sonra o dəyəri kimdənsə tələb edə , gözləntiləri ola bilər.

24 Eylül 2013 Salı

Bir səhər yuxudan durub...

 Dünyadan köçənlər üçün aylarla, bəzən illərlə yas tutulmasının əleyhinə olmuşam. Düzdü, bəzi vaxtsız itkilərlə razılaşa bilmir adam, olmur, alınmır. Amma həddindən artıq göz yaşlarının başqa bir bədbəxtlik hazırlayacağı fikrinə də inanmışam. Və müşahidələrim bu fikrimi təsdiqləyib bir çox halda..
 Bəzən foto albomları, xatirələri vərəqləyib yaddaşının tozlu rəflərini təmizləyirsən. Görürsən ki, hamı ordadı. Keçmişi bu günlə calaşdıranda əskik qalan o qədər şey olur ki. Boşluqlar görürsən: insan boşluqları..Və onda görürsən ki, heç bir şey şəkillərdəki kimi ola bilməz. Onda görürsən ki, illər keçib, uşaqlıq arxada qalıb, qırışlanıb insanlar,qocalıb, köçüblər dünyadan. Puzzle tamamlanmamış qalır..

 Onda şairin “bir səhər yuxudan durub özünü uşaq görəsən.Görəsən  hamı evdədi, ölənləri sağ görəsən” mümkünsüz misraları yadına düşüb dərin bir ah çəkirsən..

17 Eylül 2013 Salı

"The Dreamers" haqqında


İtalyan rejissoru Bernardo Bertoluççinin "The Dreamers" filminə baxan bir çoxları çılpaq gəzmək kimi bir arzuya da düşə bilərlər. Filmdə aktyorlar elə rahatlıqla, sərbəst çılpaq gəzirlər ki, yayda belə baxsan, əynindəki paltarlar ağırlıq edər adama. Sanki Adəmlə Həvva cənnət meyvəsindən heç dadmayıblar. Çılpaqlıq o qədər safdı filmdə.

Sizi 60- cı illər Fransasına aparacaq, o dövrlərin hadisələrini otağınıza gətirəcək-möhtəşəm mahnıları ilə. Film seks, kino sevgisi, siyasət və fəlsəfə üçbucağında cərəyan edir. İzləyənlər güclü mövzusunu, insest əlaqələri, pornoqrafiyanı və s.qeyd edə bilərlər. Bununla belə, filmdə qarışıqlıq var, çaşırsan bəzən rejissor nə demək istəyir.

Siqaret dumanlı səs

Tom Ueytsi dinləyib sevirdim, amma onun haqqında oxuduqdan sonra mənim üçün daha özəl biri oldu. İnternetdə onun haqqında en qədər məlumat var, hamısını bura yazmaq istəmirəm. Maraqlananlar özləri daha ətraflı öyrənə bilərlər. Amma bir neçə məlumatı qeyd edəcəyəm.

16 Eylül 2013 Pazartesi

Ünvansız darıxmalar gecəsi

Və yenə gecələrdən ünvansız, səbəbsiz darıxmalar gecəsidi.
Mahnıların fonunda darıxmalar..
Hə,indi fonda Edith Piaf səslənir."Autumn leaves"i özünəməxsus oxuyur.


Sən də heç bilmirsən, payız üçün darıxırsan, hansısa mahnının sözləri, hansısa mahnı üçünmü, dünyaya niyə fransız bir qadın kimi gəlmədiyin üçün, yoxsa dünyaya gəlişində gecikdiyin, yaşamaq istədiyin hansısa keçmiş zaman üçünmü?Səbəb çoxdu, amma heç birini təyin edə bilmirsən.
Içindəki o hüzün ki var..Həə,bəlkə sevdiklərini bircə-bircə itirən o yanıqlı səsin sahibinə-Edith Piafamı üzülürsən? Bəlkə sən də ən sevdiklərini itirməkdən qorxursan? Bəlkə yox,qorxursan elə.
Gecənin fonunda indi də Eric Clapton-"Autumn Leaves" deyir.
Yenə ünvasız darıxmalar...

Bəlkə elə payız üçün darıxmısan...



20 Ağustos 2013 Salı

Ayın arxasındakı günəş

   Xalid Hüseyninin son illlərdə bestseller olan  “Çərpələng uçuran” və “Min möhtəşəm günəş” əsərləri bir çoxlarımıza Əfqanıstan haqqında bilmədiyimiz informasiyaları vermişdi. ”Əfqanıstanda uşaqlar var, uşaqlıq yoxdur” cümləsi əsərin özünə bərabər bir mesaj idi bəlkə də. Elə təkcə bu cümlədən bir xeyli təsirlənmişdik. Bu əsərlər bir daha göstərdi ki, əslində, KİV bizə gerçəkliyi bütün üzü ilə göstərmir.Bu qədər informasiya içində biz sadəcə tək bir tərəf görürük:müharibə,talibanla amerikan əsgərlərinin qarşıdurması, ölənlər, yaralananlar, evsiz-eşiksizlər və sairə bu kimi məlumatlar. Xalid Hüseyni bilmədiyimiz bir çox həqiqətləri bizə göstərə bildi.

11 Ağustos 2013 Pazar

Qadağan olunmuş səs


İranın qadağan olunmuş səsi.. Söhbət Mohsen Namjoodan gedir. Milyonlarla dinləyicisi var bu musiqiçinin. Bizim ölkədə də bir çoxları tanıyır, sevir, bir çoxları da hələ xəbərsizdir. Xəbərsiz olanlar üçün bəri başdan deyim ki, dinləyin..Mütləq..

7 Ağustos 2013 Çarşamba

Facebook yaradıcılığı :)

 Həyatımızın bir qismi, bəlkə də tam qismi facebookla bağlıdı. Yazırıq-pozuruq, cızma-qara edirik, paylaşa bildiklərimizi paylaşırıq, paylaşa bilmədiklərimizi də (P.S.bu xəsis adamlara aiddir- paylaşmaqda xəsis olanlar )) ) saxlayırıq özümüzə. "Nə düşünürsən?" sualı bizim içimizi- çölümüzü qoyur ortaya. Özümüzü ələ verib, açırıq sandığın ağzını )) Bu qədər niyə uzunçuluq etdim, bilmədim heç. Arada nəsə fikirlər dolaşır adamın beynində, paylaşır filan. Amma müəyyən vaxtdan sonra özünə də maraqlı olur geridə qalanlara bir nəzər salmaq. Ona görə bəzi statuslarımı bloquma yerləşdirmək qərarına gəldim. Özümü ölümsüzləşdirirəm))

2 Ağustos 2013 Cuma

"Velosiped oğruları" (Ladri di biciclette).Bir italyan filmi..

"Ladri di biciclette"

(Похитители велосипедов, Bisiklet hırsızları)

  Çoxdandı bu filmə baxmaq istəyirdim, nəhayət, dünən baxdım. Film deyirəm e sizə... Heç film boyu çay, kofe içmək belə ağlıma gəlmədi.

Məncə, yoxsulluğu ən gözəl anladan filmlərdəndi.

27 Temmuz 2013 Cumartesi

Somerset Moem- Ay və qara qəpik


   Dahi insanların dəli olması artıq ehtimal deyil, faktdır.
  Somerset Moemin “Ay və qara qəpik” əsərindən yazmaq istəyirəm. İngilis yazıçısı S.Moem bu əsərini
İmpressionizmin məşhur rəssamlarından biri Pol Qogenin həyatından ilhamlanaraq yazıb.

26 Temmuz 2013 Cuma

Erix Mariya Remark- “Qərb cəbhəsində yenilik yoxdur”


Erix Mariya Remark- “Qərb cəbhəsində yenilik yoxdur”

Əsər I Dünya müharibəsində gənc əsgərin düşüncələrindən bəhs edir. 19 yaşlı Paul Boymer məktəbdən birbaşa cəhbəyə göndərilir və müharibənin dəhşətləri, amansızlığı, günahsız ölən insanları, gözləri qarşısında əlil olan, ölən dostları, onların iztirablarının şahidi olur.
Kitab yazıçının şahidi olduğu hadisələr əsasında yazılıb. Oxucular müharibənin bütün dəhşətlərini duyur və bəlkə də müharibəyə Remark qədər dərin nifrət yaradar ikinci bir yazıçı yoxdur.

Erix Mariya Remark- “Qərb cəbhəsində yenilik yoxdur”
Əsər I Dünya müharibəsində gənc əsgərin düşüncələrindən bəhs edir. 19 yaşlı Paul Boymer məktəbdən birbaşa cəhbəyə göndərilir və müharibənin dəhşətləri, amansızlığı, günahsız ölən insanları, gözləri qarşısında əlil olan, ölən dostları, onların iztirablarının şahidi olur. Kitab yazıçının şahidi olduğu hadisələr əsasında yazılıb. Oxucuların müharibənin bütün dəhşətlərini duyur və bəlkə də müharibəyə Remark qədər dərin nifrət yaradar ikinci bir yazıçı yoxdur. Müəllif yazır: “Bu kitab nə ittiham, nə də etirafdır. Bu yalnız müharibədə məhv olan nəsillərdən deyil, həmçinin qəlpələrdən xilas olmalarına baxmayaraq, müharibə qurbanlarına çevrilən insanlardan bəhs etmək cəhdidir.” “Qərb cəbhəsində yenilik yoxdur” bütöv halda, ən azından 50 dildə 20 milyon tirajla yayılıb. Bu, İncildən sonra dünyada ən çox nəşr olunan kitab hesab olunur. Kitab 1933- cü ildə nasistlər tərəfindən yandırılır, yazıçı 1938-ci ildə ölkə vətəndaşlığından çıxarılır. Romanın italyan nəşri isə 1929-cu ildə Mussolini tərəfindən qadağan edilir. Kitabdan sitatlar: “Həyat burada, ölümün sərhəddində cüzi bir xətt təşkil edir.” “Sağ qalmağımız təsadüfdən asılıdır…Məhz bu təsadüflərdən asılılıq bizi laqeydləşdirmişdi.” “Mən 20 yaşlı gəncəm. Amma həyatda tərəddüd, ölüm, qorxu və hədsiz kədərlə mənasız ,kor-koranə sürünmələrin qarışığından başqa bir şey görməmişəm. Görürəm ki, millətləri bir-birinin üstünə qaldırırlar, insanlar kor kimi iradəsinə tabe olaraq bir-birilərini öldürürlər. Onlar nə etdiklərini, hansı günaha sahib olduqlarını da bilmirlər. Görürəm ki, dünyada ən ağıllı başlar bu dəhşətləri uzatmaq üçün silahlar icad edir, sonra isə öz hərəkətlərinə daha incə şəkildə bəraət qazandırmaq üçün söz də tapırlar. Mənimlə birlikdə bizdə, bizimlə vuruşan ölkələrdə, bütün dünyada olan yaşıdlarımın hamısı –bütöv bir nəsil bunları görür, bu dəhşətləri yaşayır... İllərdən bəri biz öldürməklə məşğul olmuşuq. Həyat haqqında anlayışımız ancaq ölümdən ibarətdir..” “Bu müddət ərzində tərbiyəmizi o dərəcə dəyişdilər ki, on il məktəb həyatında bu tərbiyəni ala bilməzdik. Biz öyrəndik ki, təmizlənmiş bir düymə, Şopenhauer’in dörd bəndindən daha vacibdir. Biz əvvəlcə təəccüblə, ürəkyanğısı və laqeydliklə əmin olduq ki, burada göründüyü kimi hafizə yox, ayaqqabı şotkası, fikir yox, nə vaxtsa qurulmuş sistem, azadlıq yox, sərt hərbi təlim həlledicidir. Biz öz istəyimizlə əsgər olduq.” “Yer dünyada əsgərdən başqa heç kim üçün bu qədər əhəmiyyətli ola bilməz. Güclü atəş zamanı ölüm qorxusundan qorunmaq üçün üzünü, bədənini yerə sıxıb uzandığı an torpaq onun yeganə dostu, qardaşı və anası olur. O, özünün qorxu və qışqırıqlarını yerin sükutunda boğur. Yer onu ağuşuna alır, qoruyur, yenidən on saniyə qaçmağına və deməli on dəqiqə yaşamağına icazə verir. Onu gizlətmək üçün yenidən alır, amma bəzən həmişəlik.” “Biz bir-birimizə qarşı doğmalıq hissini tamamilə itirmişdik. Acı baxışlarımız hansı isə bir dostumuza dikiləndə onu böyük çətinliklə tanıya bilirdik. Bir sanki hansı isə bir kələk və qorxulu bir sehrin köməyilə hələ də qaç a və öldürə bilən hissiyyatsız ölülərdik” “Bağışla məni, dostum..Axı bizə əvvəldən niyə demirlər ki, siz də bizim kimi yazıq insanlarsıniz, analarınız bizim analarımız kimi oğulları üçün eyni dərd çəkirlər, siz də bizim kimi ölümqabağı qorxursunuz,eyni ölüm və eyni ağrılarımız olur? ..əgər silahı və hərbi formanı çəxardıb atsaq sən də Kat və Albert kimi qardaşım ola bilərdin. Ömrümdən 20 ili götür və ayağa qalx. Daha çox götür ,çünki onunla nə edəcəyimi bilmirəm” “Müharibə bizim üçün ölümə səbəb olan xərçəng və vərəm, qrip və dizinteriya kimidir.” “Bizi yaşadığımız həyat, daimi təhlükənin , həyəcanlı ölüm gözləntilərinin və tənhalığın yaratdığı xüsusi mövcudluq forması doğmalaşdırıb” “O, 1918ci ildə, hərbi məlumatlar yalnız bir cümlədən – “Qərb cəbhəsində dəyişiklik yoxdur!” – cümləsindən ibarət olan sakit və rahat bir gündə öldürüldü.”

8 Haziran 2013 Cumartesi

Kitabları sevdirən müqəddəs insanlar

Bilirsiniz, sizə oxu vərdişini aşılayan insanları heç unutmayın. Əminəm ki, bir çoxlarının istiqamət verəni- kompası olub, kitabları kimsə sevdirib kimlərəsə. Bax, o adamlar müqəddəsdirlər...


 

19 Şubat 2013 Salı

"Yağış"dan sonra günəş çıxır


Uzun müddətdən bəri baxmaq istədiyim bir film var idi: Baran,yəni yağış. İranlı rejissor Məcid Məcidinin filmi. Məcidinin “Sərçələrin nəğməsi”,”Cənnətin rəngi” və “Cənnətin uşaqları” filmlərindən sonra bu filmin  də təsirli olacağına şübhə etmirdim. Və ehtimalım özünü doğrultdu..Məcidi izləyicini təsirləndirmək,bəzən də ağlatmaq üçün səy göstərir, bir az sentimentallıq edir. Bu bir az da pafoslu ola bilər. Amma nəsə o qədər də hiss olunmur. Nəzərə alsaq ki, tamaşaçılar bir çox hallarda elə sentimentallığa qaçır. İran filmlərinin özəlliyi ondandır ki,insana müəyyən dəyərləri öyrədir, unudulmuşları xatırladır, bir az tərbiyələndirir, mənəvi cəhətdən zənginləşdirir.Hollywood filmlərindən fərqli olaraq, heyvani yox, insani keyfiyyətləri göz önünə sərir. Məsələn,elə baxdığım filmdə qızın çətinliklərə və işinin çoxluğuna baxmayaraq göyərçinləri yemləməsi kimi..

15 Şubat 2013 Cuma

"Sərçəciyin hekayəsi"


 "Sərçəciyin hekayəsi"

Edit Piaf haqqında yazmaq lazım idi...Həm özüm üçün nəsə cızma-qara kimi saxlamaq,həm onun mahnılarına və fransız musiqisinə sonsuz sevgimdən dolayı..Bir də filmin isti-isti təəssüratlarını aradan uzun müddət keçəndən sonra oxumaq maraqlı olur..
  Edit Piaf haqqında heç bir məlumatım olmayanda təsadüfən fransız musiqilərinə sevgimə görə axtarışlarım məni ona “çatdırmışdı”.Dinlədim,çox sevdim..Amma ağlıma gəlməmişdi ki,onun haqqında da maraqlanım.Yenə də təsadüfən onun bioqrafiyasını oxudum və bundan sonra onu daha diqqətlə dinləməyə başladım.Ağrılı həyat yolu var idi Editin.Və nəhayət, bu günlərdə “La vie en rose” (Жизнь в розовом цвете) – “Çəhrayı həyat” avtobioqrafik filminə baxdım və deyə bilərəm ki, Edit Piafın yeri  artıq bir başqadı qəlbimdə..

28 Ocak 2013 Pazartesi

Bir "Sevgi" haqqında



 Ötən il Avstriyalı rejissor Mixael Hanekenin “Sevgi” filmi Kann kinofestivalının baş mükafatını aldı, Amerikada isə 2013-cü ilin əcnəbi dildə “ən yaxşı film” nominasiyasında Qızıl Qlobusa layiq görüldü.Və film 85- ci Oskar mükafatlarına əsas nominasiyalarda namizədlər siyahısındadı.
  Kannın qalib filminin adının “Amour” (Sevgi) olduğunu öyrənəndə nədənsə bu adda film mənə bəsit göründü.Ya da sevgi elə çoxunun “çeynədiyi”çeynənmiş ad idi deyə.Bilmirəm..Amma filmin necə olacağı çox maraqlı idi,dünya ondan danışırdı çünki...

19 Ocak 2013 Cumartesi

"Ruhunu tapdığımda gözlərini çəkəcəyəm"





Modilyani adını bəlkə də bir çoxları eşitməyib.Yaxud eşidibsə, sənətindən, həyatından bixəbərdir. Amma əgər onlar "Modigliani" filmini izləsələr, çox güman ki, Modilyani onların ən sevdiyi bir rəssam olacaq.
Rəssamın sənətindən müəyyən qədər məlumatlı idim. Amma düzünü deyim ki, sadəcə məlumat məqsədilə tanış olmuşdum və o, mənim bəyənib-sevdiklərimin kölgəsində itib-batmışdı. Ta ki, "Modigliani" filmini izləyənədək.
Tərifini zövqünə güvəndiyim kinomanlardan çox eşitmişdim və nəhəyət, filmini izlədim.
Film mənə o qədər təsir etdi ki, Modilyani Dalini ən sevdiyim rəssam birinciliyindən uzaqlaşdırdı. Sən demə, dünyada Modilyani var imiş..


18 Ocak 2013 Cuma

Dünyanın bütün məsum uşaqlarına ithaf olunan film




Bəhman Qobadi
 "Tısbağalar da uçar" ("Turtles can fly") filmi.Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin rejissorluq etdiyi, gerçək əhvalata və insanlara köklənən hekayə.Filmə baxanda donub qalmışdım.Eyni anda o qədər çox şey hiss edirdim ki,hissiz olmuşdum.Və günlərlərlə o hisslər yavaş-yavaş aydınlanmağa başladı.Amma yenə də bəzi hisslər o qədər dərin olur ki,onları yazıya almaq çox çətin olur..

Sərxoş atlar zamanı (A Time for Drunken Horses)

Baxdığım filmlər haqqında çox nadir hallarda yazı yazıram.Baxmayaraq ki,onların, demək olar ki,90%-i ən sevdiklərim sırasında yer alır.” Sərxoş atlar zamanı”nı izləyib nəsə yazmamaq günah olardı bir yana,kağızla bölüşməməyin ürəyimə yük olardı..

Ərdəbil səfərim haqda qeydlərim


   Çox qəribə də olsa İrana getmədən öncə bu ölkəni XVII əsrin Azərbaycanı kimi təsəvvür edirdim.Bəlkə də haqlı idim.Çünki  çoxları danışırdı ki,burda qadının bir teli görünsə,daş-qalaq edirlər.. və sair bu kimi “qorxunc faktlar”..Təbii,mənim də qorxmağa haqqım var idi. Hələ düşünürdüm ki,ordan sağ qayıtmayacağam.Elə yolboyu necə meydana gətirildiyimi,hamının niftət dolu baxışlarını,sonra mənə atılan,üz-gözünü parçalayan daşları xəyalımda canlandırıb dramatik bir sujet qururdum..

15 Ocak 2013 Salı

Kitablardan karandaşla seçdiklərim

Kitabları karandaşsız oxumaq yarmçıq oxumaqdı bir az da. Karandaşsız olmazsa olmaz :) Heç səliqəli oxucu sayılmıram, kitab oxuyanda mütləq gərək sevdiyim cümlələrin altından xətt çəkim. Beləcə, kitabları özümə daha da doğmalaşdırıram. Aradan müəyyən müddət keçəndən sonra kitabı əlimə alanda altını qaraladığım fikirlər az qala "gözümə girincə" rahatlıq tapıram. Kitaba əziyyət verdiyimin də fərqindəyəm, amma kitablarımda özümdən "izlər"  qoymayınca da onlar mənə doğmadan doğma olmurlar.Nəysə, karandaşla seçdiklərimdən bir qismini paylaşmaq istəyirəm. Amma bir məqamı da qeyd edim: indiyədək öyünmək olmasın, çox kitab oxumuşam, amma yalnız barmaqla sayılacaq qədəri ənnnn sevdiyim olub.Yəni o kitabları qeyd-şərtsiz, tərəddüdsüz hamıya məsləhət görərdim və deyərdim ki,ölmədən öncə oxuyun, mütləq. Əslində, sevdiklərimi paylaşmaqda bir az da paxılam, amma o əsərlərdən birinin adını qeyd edə bilərəm: Remarkın "Zəfər tağı" əsəri.İndiyədək çox adama məsləhət görmüşəm, hamı da bəyənib.. Buna şadam :) Keçək qeydlərə:

12 Ocak 2013 Cumartesi

"Fil adam" filmi





Nə qədər humanist və insanları sevən,bu sevginin içimdə heç vaxt tükənməsini istəməyən biri olsam da bəzi insanlar məni iyrəndiyib zaman-zaman.Daxili dünyaları, canavarlıqları,saxtakar,ikiüzlü,yaltaq olmaları və sənin bunun açıq-aydın fərqində olman iyrəndirə bilir insanı.Bu təbiidi,daxili dünyasına görə ən mundar insan da özünə qarşı xəbislik sərgilənəndə iyrənə bilir qarşısındakından.Amma bəzən kimlərinsə xarici görünüşündən hürkmüşəm,qorxmuşam,iyrəndiyim də olub.Məsələn,bir vaxtlar qarşıma tez-tez çıxan bapbalaca,qara və qaməti əyilən  donqar kişidən,üzünün yarısını,gözünü ət parçası basan başqa bir kişidən..Bir anlıq bir şey olsa da sonradan özümdən utanmışam,danlamışam.Amma iyrənmək əlimdə olan bir şey olmayıb.
Hz.Əli haqqında çəkilən və "Elephant man" filmlərinə baxandan sonra bu iyrənməyi özümdən daha çox uzaqlaşdırmağa çalışmışam.